Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Naxçıvan Bölməsində keçirilən interaktiv dərsi muxtar respublikanın 204 təhsil müəssisəsinin şagirdləri izləyib
26.04.2017 10:22
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində keçirilən interaktiv dərsi muxtar respublikanın 204 təhsil müəssisəsinin şagirdləri izləyib

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs keçirilib.

“Kitabi-Dədə Qorqud” dastanları və Naxçıvan” mövzusunda keçirilən dərsdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanları barədə şagirdlərə ətraflı məlumat verilib. Bildirib ki, daha çox oğuzların tarixini əks etdirən və 12 boydan ibarət bu folklor abidəmizdə oğuz türklərinin həyat tərzi, adət-ənənələri, dünyagörüşü, düşmənə qarşı qəhrəmanlıq mübarizələri, yürüşləri, oğuz gənclərinin şücaəti, qorxmazlığı, mərdliyi əks olunub. “Kitabi-Dədə Qorqud” dastanı təxminən X-XI əsrlərdə yazıya alınıb. Lakin bizə gəlib çatan nüsxə XV-XVI əsrlərə aiddir.

Dilçi alim qeyd edib ki, əsərin Drezden və Vatikan nüsxəsi mövcuddur. Drezden nüsxəsi sırf Azərbaycan türkcəsi ilə qələmə alınıb. Vatikan nüsxəsi isə Osmanlı sahəsinə daha yaxındır. “Kitabi-Dədə Qorqud” oğuzların həyat və məişətini əks etdirən əsər olsa da, dil xüsusiyyətləri, cərəyan edən hadisələrin coğrafi məkanı baxımından daha çox Azərbaycanla bağlıdır.

Ə.Quliyev ümummilli lider Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanı bütün türk dünyasına məxsusdur, amma onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir” sözlərini xatırladaraq qeyd edib ki, ulu öndər tərəfindən dastanların dünya miqyasında təbliği və Azərbaycanda adının əbədiləşdirilməsi, əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi üçün “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi haqqında” 20 aprel 1997-ci ildə xüsusi fərman imzalanıb. Həmin tarixi fərmandan sonra Dədə Qorqudun adının Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında əbədiləşdirilməsi sahəsində müxtəlif tədbirlər həyata keçirilib, Naxçıvan şəhərində 1999-cu ildə Dədə Qorqudun abidəsi ucaldılıb, Naxçıvanda və Van şəhərində beynəlxalq simpozium təşkil olunub.

Alim ölkə Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixli Sərəncamdan da bəhs edib.

Şagirdlərin diqqətinə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyul 2015-ci il tarixli Sərəncamı ilə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq Naxçıvan şəhərində “Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumun keçirilməsi, professor Səfərəli Babayevin “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasının yenidən nəşr olunması, “Kitabi-Dədə Qorqud” və Naxçıvan” televiziya filminin hazırlanması, bu mövzuda açıq dərslərin, dəyirmi masaların təşkili, kütləvi informasiya vasitələrində verilişlərin və qəzet materiallarının hazırlanması nəzərdə tutulub.

Açıq dərsdə “Kitabi-Dədə Qorqud” dastanlarının Naxçıvanla bağlılığından bəhs edilib, dastanda baş verən hadisələrin, bir sıra boylarda adı çəkilən Qaraçuq, Əlincə qalası, Dərəşam, Şəruk (Şərur) kimi coğrafi adların Naxçıvan ərazisində olduğu bildirilib. Diqqətə çatdırılıb ki, Naxçıvan ərazisində “Kitabi-Dədə Qorqud” dastanında ifadə olunan çoxsaylı yer-yurd adlarının qeydə alınması bu regionun qədim Oğuz yurdu, Azərbaycan torpağı olduğunu təsdiqləyir. “Dədə Qorqud” toponimləri bu gün Azərbaycana bağlı Naxçıvanın ərazi bütövlüyünün qorunub saxlanılması, möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: