www.science.az
25.04.2017 17:01

Rusiyanın “Poisk” qəzetinin nümayəndəsi ilə görüş keçirildi

Bu gün AMEA prezidenti, akademik Akif Əlizadə Rusiya Elmlər Akademiyasının “Poisk” qəzetinin baş redaktorunun birinci müavini Yelizaveta Ponarinanı qəbul edib. AMEA Rəyasət Heyətində keçirilən görüşün əsas məqsədi AMEA Yüksək Texnologiyalar Parkının (YTP) fəaliyyəti ilə tanışlıq və birgə əməkdaşlıq imkanlarının müzakirəsi idi.

Öncə akademik Akif Əlizadə AMEA YTP haqqında məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış bu Park elmi, innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması funksiyalarının həyata keçirilməsini nəzərdə tutur. 

Alimin sözlərinə görə, akademiyanın analitik beyin mərkəzi hesab edilən YTP öz fəaliyyətinin ilkin mərhələsində olmasına baxmayaraq bir sıra beynəlxalq sertifikatlara layiq görulmüşdür. Burada ölkə alimlərinin çex, rus və bolqar alimləri ilə əməkdaşlıq əlaqələri mövcuddur. YTP əsas etibarilə neft-kimya və texniki istiqamətləri əhatə edir.

Sonra A.Əlizadə AMEA-da biotexnologiya, biotibb, gen mühəndisliyi, molekulyar biologiya kimi prioritet istiqamətlərdə araşdırmaların aparıldığını qeyd edib. Bildirib ki, hazırda bu elmi qurumda fundamental elmlərin biznes sahəsi ilə bir araya gətirilərək elmi biznesin yaradılması ilə bağlı kompleks tədbirlər görülür.

AMEA prezidenti cari ilin may ayında “Azərbaycan Milli Elmlər Akademiyasının professoru” elmi adını almaq üçün keçiriləcək müsabiqə haqqında da məlumat verib. Bildirib ki, müsabiqədə AMEA-nın əsas vəzifə və funksiyalarının həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş, yaşı 50-dək olan elmlər doktorları iştirak edə biləcəklər. Əsas məqsəd gələcəkdə akademiyanın müxbir üzvlərini gənc elmi kadrlar sırasından seçməkdir.

Sonda A.Əlizadə qonağı AMEA-nın aprel ayının 28-də keçiriləcək Ümumi Yığıncağında iştirak etməyə dəvət edib.

“Poisk” qəzetinin baş redaktorunun birinci müavini Y.Ponarina AMEA-da aparılan tədqiqatları, innovativ layihələri və YTP-nın çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib, akademiya ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.