www.science.az
23.09.2013 00:00

Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Akif Əzizovun 70 illiyi qeyd olunacaq

Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor Akif Əzizovun anadan olmasının 70 illik yubileyi qeyd olunacaq. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.   

Məhsuldar elmi və elmi-təşkilati fəaliyyəti, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə A.Əzizovun AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsinə dair qərar qəbul olunub. Digər qərara əsasən, alimin əsərlərinin biblioqrafiyası hazırlanaraq “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasında nəşr ediləcək. AMEA Neft-Kimya Prosesləri İnstitutunda alimin 70  illiyinə həsr olunmuş yubiley iclası keçiriləcək, həyat və yaradıcılığına həsr olunmuş materiallar mətbuatda işıqlandırılacaq.  

Cari ilin noyabr ayının 2-də tanınmış kimyaçı alim, AMEA Neft-Kimya Prosesləri  İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Əzizovun anadan olmasının 70, elmi fəaliyyətinin 45 ili tamam olur. 

Alimin apardığı elmi-tədqiqat işləri əsasən neft-kimya sintezi proseslərində metalkompleks və metal-üzvi katalizatorların tətbiqinə aiddir. Onun elmi axtarışlarında oliqomerləşmə və polimerləşmə reaksiyalarının  regio-  və  fəza seçiciliyi, katalitik mərkəzlərin təbiəti, onların yaranma və məhv olma mexanizmləri tədqiq edilmiş, metallinium-ion mexanizmləri adlanan yeni konsepsiya irəli sürülmüş və təcrübi yolla əsaslandırılmışdır. A.Əzizov ilk dəfə olaraq zəif metal-liqand əlaqələrinin oliqomerləşmə və polimerləşmə məhsullarının molekul kütləsinə və quruluşuna təsiri  aşkar etmiş və öyrənmişdir.  

A.Əzizovun rəhbərliyi altında işlənib hazırlanmış yeni tipli bifunksional kobalt və nikel tərkibli katalizatorlar Türkiyənin “Petkim” firmasında və Rusiya Federasiyasının Yefremov “Sintetik Kauçuk” zavodunda tətbiq olunmuş, sirkonium tərkibli metal kompleks katalitik sistem keçmiş “Plastpolimer” Elmi-Tədqiqat Birliyində təcrübə-sənaye miqyasında etilenin selektiv oliqomerləşməsi prosesində müvəffəqiyyətlə sınaqdan keçirilmişdir.  

A.Əzizov Azərbaycanda yeni neft-qaz və neft-kimya kompleksinin qurulması üzrə Dövlət Neft Şirkətinin İşçi Qrupunun, neft-kimya sənayesi üzrə Azərbaycan-Tatarıstan əməkdaşlığı üzrə İşçi Qrupun, Azərbaycan Respublikası Prezidenti yanında Elm Fondunun ekspert komissiyasının üzvüdür.  

Apardığı məhsuldar elmi-tədqiqat işlərinin nəticələri Azərbaycanda və xarici ölkələrdə nəşr olunmuş 500-ə yaxın elmi əsərdə, o cümlədən konfrans və  simpozium materiallarında, 5 monoqrafiyada, 70-dən çox müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. Onun rəhbərliyi altında 3 elmlər doktoru və 10 kimya üzrə fəlsəfə doktoru dissertasiya işini müdafiə etmişdir.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.