www.science.az
25.02.2014 00:00

Akademik Akif Əlizadə - 80

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, geologiya-mineralogiya elmləri doktoru, akademik Akif Əlizadənin 80 yaşı tamam olur.

AMEA Rəyasət Heyəti görkəmli ictimai xadim, Əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Akif Əlizadənin Azərbaycanda geologiya elminin inkişafında mühüm xidmətləri və anadan olmasının 80 illiyi ilə əlaqədar Fəxri Fərmanla təltif edilməsinə dair qərar qəbul edib. Həmçinin yubileylə əlaqədar olaraq respublika dövri mətbuatında, AMEA-nın “Xəbərləri” jurnalında alimin həyat və elmi-pedaqoji fəaliyyətini əks etdirən məqalələr dərc olunacaq, televiziya və radio verilişləri hazırlanacaq.

Akif Ağamehdi oğlu Əlizadə 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) fərqlənmə diplomu ilə bitirərək bir müddət neft mədənlərində çalışmışdır. Elmi araşdırmalara olan marağı onun həyatını Geologiya İnstitutuna bağlamışdır. 1957-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunda baş laborant vəzifəsinə işə qəbul olunan alim 1961-ci ildə geologiya-mineralogiya elmlər namizədi, 1969-cu ildə geologiya-mineralogiya elmlər doktoru elmi dərəcəsi adını almaqla bu sahə üzrə keçmiş SSRİ-də ən gənc yüksəkixtisaslı mütəxəssislər sırasına daxil olmuşdur.

Dərin elmi biliyi, təşəbbüskarlıq, təşkilatçılıq qabiliyyəti və insansevərliyi onun gənc yaşlarından institutun rəhbər vəzifələrində təmsil olunmasına imkan vermişdir. 1970-1976-cı illərdə Geologiya İnstitutunun direktor müavini olmuş alim 1976-cı ildən bu günə kimi həmin institutun direktoru vəzifəsində çalışır.

Geologiya elmi sahəsində geniş tədqiqatlar aparan, onu yeni elmi və nəzəri biliklərlə zənginləşdirən Akif Əlizadə 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Akif Əlizadə 1990-cı ildə AMEA Rəyasət Heyətinin üzvü və Yer Elmləri Bölməsinin akademik-katibi seçilmişdir. Yüksək elmi potensiala və böyük təşkilatçılıq bacarığına malik olan alim 2007-ci ildən 2013-cü ilədək AMEA-nın vitse-prezidenti vəzifəsində çalışmışdır.

AMEA-nın vitse-prezidenti olduğu müddətdə Azərbaycanda elmin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və respublikanın elmi-texniki inkişaf strategiyasının hazırlanmasında yaxından iştirak edən və yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində böyük təcrübəsi olan Akif Əlizadə 2013-cü ildə AMEA-nın prezidenti vəzifəsinə seçilmişdir.

Görkəmli geoloq-alim və böyük elm təşkilatçısı olan akademikin başlıca tədqiqat sahəsi təbaşirin stratiqrafiya və paleontologiyası məsələlərini əhatə edir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanın təbaşir çöküntülərinin stratiqrafik sxemləri işlənib hazırlanmış, geoloji proseslər, çökmə və vulkanogençökmə formasiyaları, təbaşir dovründə faunanın inkişafı və s. məsələlərə dair müasir baxışları əks etdirən zəngin paleontoloji-stratiqrafik materiallar araşdırılmış və ümumiləşdirilmişdir.

Alimin çoxillik tədqiqatlar əsasında yazılmış əsərlərində Azərbaycanın təbaşir mollyuska faunasının kompleksləri barədə təlimin başlıca müddəaları irəli sürülmüş, bu qədim canlıların təsnifatı və filogeniyası verilmiş, paleobiocoğrafi rayonlaşdırma prinsipləri işlənib hazırlanmış, ekologiya və paleopatologiyaya dair məsələlər araşdırılmışdır.

Təbaşir dövründə Aralıq dənizi hövzələrində fəqərəsizlərin zaman-məkan daxilində paylanma mərhələlərinin müəyyən edilməsində və bu əyalətdə müvafiq paleobiocoğrafi taksonların ayrılmasında da elmi yenilik akademik Akif Əlizadəyə məxsusdur.

Alim Qafqazın təbaşir hövzələrinin biogeokimyəvi rayonlaşdırılması metodlarının işlənilməsi və təkamül amili kimi paleohövzələrdə geokimyəvi şəraitin öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparmışdır. Fossil orqanizmlərin skelet hissələrinin mikrostruktur, kimyəvi tərkib və kristallokimyəvi xüsusiyyətlərinin təhlilinə əsasən, o, müxtəlif kimyəvi elementlərin miqrasiya və toplanma qanunauyğunluqlarını, ayrı-ayrı taksonların paleofizioloji xüsusiyyətlərini müəyyənləşdirmiş, təbaşir dəniz fəqərəsizlərinin geokimyəvi ekologiyasını təsvir etmişdir. A.Əlizadə ilk dəfə olaraq izotop paleotermometriya üsulu ilə O18 və O16 izotoplarının nisbətinə görə Azərbaycanın təbaşir hövzələri üçün paleotemperatur qiymətlərini təyin etmişdir.

Akademik Akif Əlizadənin elmi araşdırmaları təkcə paleontologiya və stratiqrafiya ilə məhdudlaşmır, o regional geologiya, tektonika, filiz geologiyası və hidrogeologiyaya aid məsələləri də daim diqqət mərkəzində saxlamışdır.

Alimin sonrakı elmi fəaliyyəti yeni prioritet elmi istiqamətə - geoekologiyaya yönəldilmişdir. Dünya elmi daxili qabıqlı mollyuskaların öyrənilməsində A.P.Pavlov və Q.Y.Krımholtsla yanaşı, akademik Akif Əlizadənin də rolunu xüsusi qeyd edir. Təsadüfi deyildir ki, təbaşir belemnitlərinin öyrənilməsində Azərbaycan aliminin xidmətlərini nəzərə alaraq onun adı ilə belemnitlərin yeni ailəsi – «Akifibelidlər» adlandırılmışdır.

Akademik Akif Əlizadə respublikanının elmi-ictmai həyatında da daima yaxından iştirak edir. O, 1991-ci ildən H.Z.Tağıyev mükafatları Milli Komitəsinin üzvü, Fövqəladə Hallar Nazirliyi yanında seysmik təhlükənin qiymətləndirilməsi və zəlzələlərin proqnozu üzrə respublika Ekspert Şurasının sədridir. 2013-cü il 10 dekabr tarixində Azərbaycan Respublikası Milli Atlasının redaksiya heyətinin yeni tərkibi yenidən təsdiq edildikdə, o redaksiya heyətinin sədr müavini vəzifəsinə seçilmişdir.

Ölkənin siyasi həyatında da yaxından iştrak edən akademik Akif Əlizadə Yeni Azərbaycan Partiyasının 7 iyun 2013-cü il tarixində keçirilən V qurultayinda YAP-ın sədr müavini seçilmişdir.

Akademik Akif Əlizadənin AMEA-nın prezidenti seçilməsi ilə bu elmi müəssisə kadr islahatları, struktur dəyişikliklər və gənc elmi potensialın yenidən dəyərləndirilməsini özündə ehtiva edən islahatlarla müşahidə olunan yeni yüksəliş mərhələsinə qədəm qoymuşdur. Onun yüksək idarəçilik və təşkilatçılıq qabiliyyəti sayəsində elmi mühitin yaradılmasında effektiv nailiyyətlər əldə olunmuş, gənclərin elmə maraqlarının artırılması, elmin cəmiyyətə təbliğ olunması istqamətində effektiv yollar müəyyənləşdirilmiş, müstəqil Azərbaycanın iqtisadi inkişafının ruhuna cavab verən elm hərəkatının əsası qoyulmuşdur.

Akademik Akif Əlizadənin çoxillik məhsuldar elmi, elmi təşkilati, ictmai və pedoqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilmişdir. O, 1970-ci ildə “Fədakar əməyə görə” medalı, 1986-cı ildə “Şərəf nışanı” ordeni, 1991-ci ildə “Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi” və “Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı” adını almış, 2004-cü ildə “Şöhrət” ordeni, 2008-ci ildə isə “Şərəf” ordeni ilə təltif olunmuşdur.

Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən, mehriban, qayğıkeş, ünsiyyətcil, dərin intuisiyaya, ən başlıcası, yüksək mənəviyyata malik 80 yaşlı elm fədaisi Akif Əlizadəni yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.