www.science.az
18.04.2017 09:15

“Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabının təqdimatı keçirilib

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabının təqdimatı olub.

Tədbirdə kitabın tərtibçisi, bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Naxçıvanın tarixində böyük xidmətləri olan publisist, siyasi xadim Behbud ağa Şahtaxtinski və Şahtaxtinskilərin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda qətiyyətli işlər görən Behbud ağa Şahtaxtinski müxtəlif illərdə Bakı Sovet İcraiyyə Komitəsinin, “Hümmət” təşkilatı Mərkəzi Komitəsinin sədri, Bakı Xalq Komissarları Soveti Fövqəladə Komissiyasının üzvü və digər vəzifələrdə çalışmışdır.

Akademik İ.Hacıyev Naxçıvana muxtariyyət statusunun verilməsində Behbud ağa Şahtaxtinskinin böyük xidmətləri olduğunu diqqətə çatdırıb.

“Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar” kitabı barədə də məlumat verən bölmə sədri yeni nəşrin Azərbaycan və Moskva dövlət arxivlərindən toplanılan bir sıra sənədlər əsasında hazırlandığını qeyd edib. O, kitabda 100-dən artıq məktub, teleqram, diplomatik yazışmalar, bağlanmış müqavilələrin Azərbaycan və rus dillərində öz əksini tapdığını söyləyib.

Sonra Bilik Fondunun Himayəçilik Şurası Sədrinin müavini Əli Həsənov çıxış edərək yeni nəşri Behbud ağa Şahtaxtinski və Şahtaxtinskilər ailəsinə göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndirib.

Təqdimat mərasimində bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Behbud ağa Şahtaxtinski: Naxçıvanın ərazi məsələsi və muxtariyyət statusu”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Behbud ağa Şahtaxtinski: teleqramlar və məqalələr”, Heydər Əliyev adına tam orta məktəbin direktoru, Bilik Fondunun Himayəçilik Şurasının üzvü Namiq Məmmədov “Behbud ağa Şahtaxtinski yaradıcılığında təhsil məsələləri”, Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin Siyasi məsələlər üzrə şöbəsinin müdiri Nadir Cəfərov “Behbud ağa Şahtaxtinski: müqavilələr və diplomatik fəaliyyət”, Naxçıvan Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyeva “Behbud ağa Şahtaxtinskinin publisistikası” mövzusunda məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.