Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Arxeologiya və Etnoqrafiya İnstitutu tarixi abidələrin konservasiyası istiqamətində işlər görür
17.04.2017 13:29
  • A-
  • A
  • A+

Arxeologiya və Etnoqrafiya İnstitutu tarixi abidələrin konservasiyası istiqamətində işlər görür

Bu gün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbiri institutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova açaraq 1983-cü ildə YUNESKO yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyasının (ICOMOS) qərarı ilə bu günün qeyd olunduğunu bildirib. Azərbaycan ərazisinin bəşəriyyət tarixinin bütün mərhələlərini əks etdirən abidələrlə zəngin olduğunu deyən alim dövlət tərəfindən tarixi abidələrə diqqət göstərildiyini söyləyib.

M.Rəhimova çıxışında Azərbaycan ərazisində tarixi abidələrin arxeoloji tədqiqatı, konservasiyası və mühafizəsi məsələlərinə də toxunub. Alim abidələrin tədqiqi və qorunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə önəmli işlər gördüklərini deyib.

Sonra Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Abidələrə və tədqiqatlara nəzarət” sektorunun müdiri Arif Əliyev çıxış edərək Azərbaycan arxeoloqlarının bəşər tarixi üçün fədakarlıq tələb edən tədqiqatlar apardıqlarını bildirib. O, gələcəkdə hər iki qurum arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb.

Tədbirdə institutun Tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadov, Azərbaycanın antik dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü İlyas Babayev, Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Əsədulla Cəfərov, Yeni tikinti sahələrinin arxeoloji tədqiqi sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı və digərləri çıxış edərək elmi müəssisənin abidələrin qorunması, konservasiyası istiqamətində gördüyü işlərdən, Azərbaycanın arxeoturizm potensialından söz açıblar.

Sonda arxeoloji qazıntıları, tədqiq edilən abidələri, aparılan konservasiya işlərini və tapılmış artefaktları əks etdirən slayd nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: