Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.04.2017 16:19
  • A-
  • A
  • A+

İclasda 2017-2019-cu illəri əhatə edən elmi tədqiqat proqramları çərçivəsində görüləcək işlər müzakirə olunub

İclasda 2017-2019-cu illəri əhatə edən elmi tədqiqat proqramları çərçivəsində görüləcək işlər müzakirə olunub

Aprelin 14-də AMEA-nın Geologiya və Geofizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi. Müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov tədbiri açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış etdi.

İlk olaraq institutun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev AMEA Rəyasət Heyətinin dəstəyi ilə icra olunan “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” proqramı üzrə 2014-2017-ci illər ərzində əldə olunmuş nəticələr barədə məlumat verdi.

Sonra 2017-2019-cu illəri əhatə edən elmi tədqiqat proqramları çərçivəsində görüləcək işlər müzakirə olundu. “Neft və qaz yataqlarının formalaşması və mənimsənilməsi ilə əlaqədar məhsuldar qatın makro və mikroqeyri-bircinsliliyinin tədqiqi (Cənubi Xəzər hövzəsinin səciyyəvi yataqları timsalında)”, “Kiçik Qafqazın mezozoy maqmatizminin və filizliyinin təkamülündə intruziv komplekslərinin petrogenetik indikator rolu”, “Filizlərdən və filiz tullantılarından sənaye əhəmiyyətli metalların membran texnologiyası əsasında çıxarılması üsullarının işlənilməsi (Daşkəsən rayonunun filiz obyektləri timsalında)” və “Azərbaycan Respublikasının çay hövzələrinin radiogeokimyəvi vəziyyətinin geoekoloji qiymətləndirilməsi (II hissə: Böyük Qafqazın cənub yamacı ərazisi)” adlı tədqiqat layihələri üzrə nəzərdə tutulan işlər ətrafında fikir mübadiləsi aparıldı.

Bundan əlavə, 2015-2017-ci illəri əhatə edən elmi tədqiqat işlərinin gedişatı ilə bağlı çıxışlar dinlənildi. “Geoloji mühitlərin qeyri-xətti deformasiyalarını nəzərə almaqla quyuların qazılması zamanı qərarların qəbul edilmə üsulları”, “Azərbaycanda petrologiya və metallogeniya sahələrində elmi tədqiqatların inkişaf tarixi (II hissə: 1971-1991)” və “Xəzərin dibində istilik seli və istilik mübadiləsi modelləri” mövzularında araşdırmaların icrasına nəzər salındı.

İclas kadr və digər məsələlər haqqında müzakirələrlə yekunlaşdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: