www.science.az
14.04.2017 15:55

Xarici ölkə alimləri Əlyazmalar İnstitutunda ərəb dili ilə bağlı aparılan tədqiqatlarla maraqlanıblar

İsrailin Hayfa Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasının müəllimi Roy Vilozni və Britaniya İsmaili Araşdırmaları Mərkəzinin əməkdaşı, professor Yanis Eşots aprelin 14-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

Qonaqları institutun elmi işlər üzrə direktor müavinləri - filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-KəngərliPaşa Kərimov və elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov qarşılayıblar.

Görüşdə əcnəbi alimlərə Əlyazmalar İnstitutunda ərəbşünaslıq və digər sahələrdə aparılan tədqiqatlar barədə məlumat verilib. İnstitutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, prof. Kamandar Şərifov bu elmi müəssisədə qorunan ərəbdilli əlyazmalardan danışıb.

Roy Vilozni və Yanis Eşots təmsil etdikləri qurumların fəaliyyətindən söz açıblar. R.Vilozni Hayfa Universitetinin kitabxanasında Azərbaycanla bağlı ərəb, fars və türk dillərində əlyazmaların mövcud olduğunu bildirib.

Daha sonra qonaqlar Əlyazmalar İnstitutunun Ekspozisiya zalı ilə tanış olublar. Əlyazmaların elmi ekspozisiya və təqdimi şöbəsinin müdiri Nigar Babaxanova və həmin şöbənin əməkdaşı Leyla Cəlilova institutda qorunan əlyazma abidələri, əski çap kitabları, şəxsi arxivlər və tarixi arxeoqrafik sənədlər barədə məlumat verib. 

İnstitutun Elektron resurslar şöbəsində əlyazmaların elektronlaşdırılması işi əcnəbi alimlərin xüsusi marağına səbəb olub. Həmin şöbənin müdiri Firəngiz Hüseynova institutda iki ildən artıq bir müddət ərzində 2000-dən çox əlyazma abidəsinin elektron versiyasının hazırlandığını və əlyazmaların elektron kataloqunun tam hazır olduğunu diqqətə çatdırıb.

Sonra görüş iştirakçıları əməkdaşlıq prespektivlərini müzakirə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.