www.science.az
18.10.2013 00:00

AMEA-nın sabiq prezidenti, akademik Mahmud Kərimovun anadan olmasının 65 ili tamam olur

Bu gün görkəmli elm xadimi, AMEA-nın prezidenti, akademik Mahmud Kərimovun anadan olmasının 65 ili tamam olur.

Mahmud Kərimov 1948-ci il oktyabr ayının 18-də İrəvan şəhərində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakıya köçərək, burada orta məktəbi bitirdikdən sonra 1966–1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində ali təhsil almışdır. O, 1975–1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunun aspiranturasında oxumuşdur.  

Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətinə başlayan Mahmud Kərimov 1973-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda mühəndis vəzifəsində çalışmış, 1974–1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunda kiçik elmi işçi, böyük elmi işçi, elmi katib və laboratoriya rəhbəri vəzifələrində işləmiş, 1984–2001-ci illərdə isə həmin Sektorun direktoru vəzifəsini tutmuşdur. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilən Mahmud Kərimov ömrünün sonunadək bu vəzifədə çalışmışdır.   Mahmud Kərimov 1979-cu ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 2000-ci ildə isə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.  

Respublikamızda fizika elminin inkişafına qiymətli töhfələr vermiş akademik zəngin elmi fəaliyyəti ilə radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynamışdır. Onun elmi tədqiqatlarının başlıca istiqaməti dielektriklər fizikası ilə bağlıdır. Alimin bir çox istiqamətlər üzrə müəyyən etdiyi metodlar və gəldiyi elmi nəticələr həmişə öz aktuallığı, fundamental-nəzəri və tətbiqi əhəmiyyəti ilə seçilmişdir.   

Mahmud Kərimov nüvə və radiasiya təhlükəsizliyi sahəsində elmi-texniki problemlərin həlli baxımından respublikamız üçün böyük əhəmiyyət kəsb edən radioekologiya və radiasiya materialşünaslığı istiqamətlərində də elmi tədqiqatlar aparırdı. Onun uzun müddət rəhbərlik etdiyi Radiasiya Tədqiqatları Sektoru Akademiyanın nüfuzlu institutlarından birinə çevrilərək beynəlxalq aləmdə sanballı elmi qurum kimi qəbul olunmuşdur.   

Akademik Beynəlxalq Atom Enerjisi Agentliyi ilə işbirliyi quraraq radiasiya tədqiqatları ilə bağlı bir neçə mühüm layihədə respublika alimlərinin fəal iştirakını təmin etmişdir. Azərbaycanın bir çox nüfuzlu təşkilatda təmsilçisi olaraq o, ətraf mühitin zərərli faktorlarının fizikası və kimyası ilə bağlı mühüm layihələrin gerçəkləşməsində də öz səylərini əsirgəmirdi. O, həmçinin MDB ölkələri və türkdilli dövlətlərin atom enerjisindən sülh məqsədi ilə istifadəsi üzrə komissiyalarının üzvü idi.  

Mahmud Kərimovun araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilmiş 200-ə yaxın elmi əsərdə öz əksini tapmışdır. O, elmi nailiyyətlərinə görə çoxsaylı patent və müəlliflik şəhadətnamələri almışdır. Alim mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir. Mahmud Kərimov yüksəkixtisaslı elmi kadrların hazırlığı prosesində həm elmi rəhbər, həm də müvafiq ixtisaslaşmış şuraların üzvü kimi yaxından iştirak edirdi.  

Akademik Mahmud Kərimovun elmi-təşkilati fəaliyyəti nəticəsində müasir Azərbaycan elmi beynəlxalq elm infrastrukturlarına sürətlə inteqrasiya olunmuş və xarici ölkələrlə əlaqələrini xeyli genişləndirmişdir. Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının sədri kimi o, dövlət qurumları və ali təhsil müəssisələrində elmi-tədqiqat proseslərinin effektiv koordinasiya edilməsi və əlaqələndirilməsi prosesinə də öz töhfələrini vermişdir.  

Akademik Mahmud Kərimovun zəngin elmi və elmi-təşkilati fəaliyyəti layiqincə qiymətləndirilmiş və o, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali təltifi olan “Şöhrət” ordeninə layiq görülmüşdür.  

Akademik 2013-cü il fevralın 10-da vəfat etmişdir.

Şərəfli ömür yaşamış Mahmud Kərimovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.