Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.04.2017 13:15
  • A-
  • A
  • A+

Məktəblilərə Azərbaycanın dövlətçilik tarixi barədə məlumat verilib

Məktəblilərə Azərbaycanın dövlətçilik tarixi barədə məlumat verilib

Aprelin 11-də A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Bakı şəhəri Suraxanı rayon 87 nömrəli tam orta məktəbin şagird və müəllim heyəti ilə görüşüb.

Görüşdə AMEA-nın müxbir üzvü Y.Mahmudov şagirdlərə Azərbaycanın dövlətçilik tarixi və tarixi şəxsiyyətləri barədə ətraflı məlumat verib. Alim Azərbaycanın 5 min illik dövlətçilik tarixi olduğunu və dünya miqyaslı tarixi şəxsiyyətlər yetişdirdiyini bildirib: “Azərbaycan xalqı orta əsrlərin böyük dövlətlərini – Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaradıb və qonşu xalqları idarə edib”.

Məktəbliləri milli dəyərlərimizə söykənməyə, tariximizə böyük diqqət ayırmağa çağıran Y.Mahmudov vurğulayıb ki, Azərbaycanı gələcək qələbələrə bilikli insanlar aparacaq. Alim qeyd edib ki, bu gün təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edən Tarix İnstitutu Prezident İlham Əliyevin çağırışları, tapşırıq və tövsiyələri ilə mükəmməl elmi araşdırmalar ortaya qoymaqla yanaşı, həm də yeniyetmələr üçün “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini həyata keçirir. Bildirib ki, tarixinə sahib çıxmayan xalq məhvə məhkum, tarixinə sahib çıxan xalq isə yenilməzdir. 

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara institutun nəşrləri təqdim olunub.

Qeyd edək ki, “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində Bakı şəhərinin müxtəlif orta məktəbləri, təhsil kompleksləri və liseylərində, o cümlədən Şəki şəhərindəki 10 nömrəli orta məktəbdə “Heydər Əliyev”, “Şah İsmayıl Səfəvi”, “Şah Təhmasib Səfəvi”, “Şah Abbas Səfəvi”, “Nadir şah Əfşar”, “Ağa Məhəmməd şah Qacar”, “Vətən qeyrətli qadın hökmdarımız – Tomiris”, “Hacı Çələbi xan” mövzularında elmi-praktik konfranslar keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: