Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.04.2017 14:10
  • A-
  • A
  • A+

AMEA-da böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan tədbir keçirilib

AMEA-da böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan tədbir keçirilib

Aprelin 7-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda XVIII əsrin qüdrətli Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunan “Molla Pənah Vaqif və Azərbaycan realizmi” mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli sessiyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən təşkil olunduğunu bildirib. O, Sərəncamın şairin sənətinə yenidən qayıdış, onun yaradıcılığının təbliği baxımından əhəmiyyətini vurğulayıb. Bu Sərəncamın, həmçinin Molla Pənah Vaqifin adının UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsinin Azərbaycan ədəbiyyatına verilən yüksək dəyər olduğunu bildirib.

AMEA-nın vitse-prezidenti Molla Pənah Vaqifin poeziya dünyası, nadir yaradıcılıq üslubu, diplomatik təcrübəsi, bölgədəki ictimai-siyasi proseslərə təsir imkanları, saraydaxili münasibətlərdə ədalətli və qətiyyətli mövqeyi barədə danışıb. Bildirib ki, Vaqif yüksək zövq, incə hisslər, dərin və nikbin duyğular şairidir. Onun yaradıcılığında məhəbbət lirikası, dünyəvi gözəllik əsas yer tutur. 

Akademik İ.Həbibbəyli böyük şairin öz ənənələri ilə seçilən ədəbi məktəb yaratdığını, onun bənzərsiz poeziya nümunələrinin ədəbiyyatımızın yeni istiqamətdə inkişafına böyük təsir göstərdiyini söyləyib: "Molla Pənah Vaqif erkən yeni dövr Azərbaycan realist ədəbiyyatının yaradıcısıdır. O, Məhəmməd Füzulidən sonrakı, Mirzə Fətəli Axundzadədən əvvəlki dövr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsidir".

Akademik qeyd edib ki, şairin klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir.

Diqqətə çatdırılıb ki, 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində məqbərə ucaldılıb. Təəssüflə qeyd olunub ki, 1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri tərəfindən işğal olunan Şuşada bütün maddi-mədəniyyət abidələri, o cümlədən Vaqifin məzarı və məqbərəsi amansızcasına dağıdılıb.

Tədbirdə institutun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Mahirə Quliyeva “Vaqif yaradıcılığı aşıq ədəbiyyatı ilə klassik poeziyanın qovşağında”, XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı “Molla Pənah Vaqif və Səməd Vurğun”, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Azərbaycan ədəbiyyatında Molla Pənah Vaqifin bədii obrazı”, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin kiçik elmi işçisi Şəfəq Tağıyeva “Vaqif lirikasında klassik ənənələrin təzahür formaları” mövzusunda məruzələri dinlənilib.

Sonda 1967-ci ildə Molla Pənah Vaqifin 250 illik yubileyinə həsr edilmiş tədbirdə çəkilən kadrlar nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: