www.science.az
07.04.2017 12:37

Naxçıvanda zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan əsas təşkilat - Seysmoloji Xidmət Mərkəzi

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda fəaliyyət göstərən Seysmoloji Xidmət Mərkəzi muxtar respublikada zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan əsas təşkilatdır. Mərkəzin əsas vəzifəsi Naxçıvan Muxtar Respublika ərazisində seysmoloji dəyişiklikləri qeydə almaq, təhlil etmək və aidiyyatı üzrə məlumat verməkdir.

Mərkəz 2004-cü ildə bölmənin Təbii Ehtiyatlar İnstitutunun nəzdində yaradılsa da, burada müasir dövrün tələblərinə cavab verən avadanlıqların olmamasından qeydə alınan zəlzələ yazılarının analizi, onların kinamatik və dinamik parametrlərinin təyini lazımi səviyyədə öyrənilməmişdir. Lakin ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin göstərişi əsasında mərkəz zəruri olan müasir avadanlıqlar və proqram təminatı ilə təchiz olunub. Belə ki, ABŞ-ın bu sahədə fəaliyyət göstərən “Kinemetriks” şirkətinin istehsalı olan müasir cihaz və avadanlıqlar Naxçıvan Muxtar Respublikasında olan dörd telemetrik seysmik stansiyalarda (Heydərabadda, Şahbuzda, Babəkdə, Ordubadda) quraşdırılıb. Bu cihazlar vastəsilə Seysmoloji Xidmət Mərkəzində yerli, yaxın, uzaq zəlzələlər emal edilir və zəlzələ ocaqlarının parametrləri təyin olunur.

Qeyd edək ki, mərkəzdə zəlzələlərin emalı prossesi, məlumatlar bazasının yaradılması və arxivləşdirilməsi “MAC OS -11,8” əməliyyat sistemi ilə işləyən müasir kompüterlər vasitəsilə həyata keçirilir. Sözügedən əməliyyat sistemi “Apple” şirkətinin istehsalı olan ən yeni versiyasıdır.

Seysmoloji Xidmət Mərkəzində məlumatların toplanılması və saxlanılması üçün 24 Terebayta malik “Pegasus 2 R8” yaddaş qurğusu da yerləşdirilib. Bu qurğu məlumatların 100 il müddətində saxlanılmasına imkan verir.

Gələcəkdə mərkəzdə seysmoloji xidmətin səviyyəsini daha da yaxşılaşdırmaq, eyni zamanda yeni tədqiqatların aparılması üçün müafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.