Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.04.2017 17:00
  • A-
  • A
  • A+

AMEA-nın İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

AMEA-nın İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

Bu gün AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin və MM qüvvələrinin komandir-rəis heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan şöbənin rəisi Eldar Quliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Şöbə rəisi bildirib ki, Azərbaycanda radiasiya və ətraf mühit problemlərindən bəhs edən seminar-məşğələ ölkənin müharibə şəraitində yaşaması ilə əlaqədar bu sahədə məlumatlanmaq, ehtiyat tədbirləri görmək, baş verəcək təhlükənin təsirlərinin qarşısını almaq baxımından əhəmiyyətlidir.

Sonra Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva "Azərbaycan Respublikasının nüvə təhlükəsizliyi" mövzusunda məruzəsini təqdim edib. Alim bildirib ki, Azərbaycan nüvə texnologiyalarına malik ölkələrlə qonşu olduğundan ölkənin nüvə və radiasiya təhlükəsinə məruz qalma ehtimalı var.

Ermənistanın Metsamor AES-nin region üçün təhlükəsindən danışan alim qeyd edib ki, Metsamor AES yüksək aktivlikli seysmik zonada yerləşir və qəza zamanı qonşu dövlətlərin, o cümlədən Azərbaycanın torpaq, su və havasının radioaktiv çirklənməsi baş verəcək. Bildirib ki, Metsamor AES-də hər il 42 ton nüvə yanacağından istifadə olunur. Ermənistanın ərazisi bütünlüklə Kür-Araz hövzəsində yerləşdiyindən istənilən tullantı müəyyən vaxtdan sonra Kür-Araz çayları vasitəsi ilə Xəzər dənizinə daşınır. Bu isə böyük əraziləri əhatə edən ətraf mühitin radioaktiv tullantılarla çirklənməsinə gətirib çıxarır.

R.Mehdiyeva AES-in bağlanması üçün başladılan “Metsamor Stop” çağırışının mühüm əhəmiyyət kəsb etdiyini və artıq müxtəlif ölkələrin beynəlxalq ekspertlərinin məsələ ilə bağlı öz rəylərini açıq şəkildə söylədiklərini bildirib.

Tədbirdə daha sonra Radiasiya Problemləri İnstitutunun Radiobiologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Elimxan Cəfərov "Çernobıl faciəsi və regionda nüvə təhlükəsizliyi" mövzusunda məruzə ilə çıxış edib. Çernobıl faciəsinin atom energetikası tarixində misli görünməmiş qəza olduğunu deyən alim hadisədən 31 il keçməsinə baxmayaraq bu gün də ərazidəki qurunt sularının çirklənməyə məruz qalma təhlükəsiylə üzləşdiyini vurğulayıb.

Qəzadan 5 il sonra insanlarda qalxanvari vəzi xərçənginin meydana gəldiyini deyən E.Cəfərov bildirib ki, buna səbəb hava, qida məhsulları və mal-qaranın südündəki radioaktiv yodun insan orqanizminə daxil olaraq, məhz qalxanvari vəzidə toplanmasıdır: "Hadisədən 10 il sonra isə insanlarda leykoz xəstəliyi aşkarlandı. Bu xərçəng xəstəliyinin yaranmasına səbəb radiasiyaya daha çox həssas olan orqanın - onurğa beyninin funksiyasının pozulmasıdır". 

Alim hazırda region üçün təhlükə mənbəyinə çevrilən Metsamor AES-nin fəaliyyətinə də toxunaraq bildirib ki, Avropa İttifaqı qətiliklə onun bağlanmasını tələb etsə də, Ermənistan və Rusiya ikinci blokun istismar müddətinin 2026-cı ilə qədər uzadılması barədə qərar qəbul edib.

Sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə mart ayında keçirilmiş Rəhbər Heyətin MM məşqləri haqqında MM qərargah rəislərinin məlumatları dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: