www.science.az
05.04.2017 12:31

Elmlə təhsilin inteqrasiyası istiqamətində əlaqələr genişlənir

Aprelin 4-də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) nümayəndələri ilə Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi Cəmiyyətlərinin (TEC) sədrləri və üzvləri arasında görüş keçirilib.

Məqsəd elmlə təhsilin inteqrasiyası istiqamətində ali təhsil müəssisələrinin Tələbə Elmi Cəmiyyətləri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsidir.

BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənbərov bildirib ki, təmsil etdiyi universitetin əsas məqsədlərindən biri tələbə, magistr və gənc alimlərin elmə adaptasiyası, xüsusilə beynəlxalq elmi dairələrə inteqrasiyada məhsuldar nəticələrin alınmasına nail olmaqdır.

Daha sonra şura sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov qeyd edib ki, son illər AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. Bu sahədə ən mühüm nailiyyət AMEA-da magistratura təhsilinin yaradılmasıdır.

Alim şuranın 4 illik fəaliyyəti dövründə elmlə təhsilin vəhdətini əsas prioritetlərdən biri kimi qəbul etdiyini, şagird, tələbə, magistr və gənc tədqiqatçılar üçün elmin populyarlaşdırılması istiqamətində silsilə layihələrin həyata keçirildiyini söyləyib. F.Salmanov "Magistr-2017" və "Texnostart-2017" kimi layihələrə gələcək təhsil ocaqlarının, o cümlədən BDU-nun gənclərinin cəlb ediləcəyini deyib.

Tədbirdə şura üzvləri yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, hüquq elmləri doktoru Ayxan Rüstəmzadə, həmçinin BDU-nun Fizika fakültəsinin TEC sədri, fizika elmləri üzrə fəlsəfə doktoru, dosent Arif Orucov, Geologiya fakültəsinin TEC sədri, geologiya-mineralogiya elmləri doktoru, professor Nazim İmanverdiyev, Biologiya fakültəsinin TEC sədri Nurlan Əmrahov, Şərqşünaslıq fakültəsinin üzvü Taleh Mansurov və digərləri çıxış edərək gənc tədqiqatçıların elmi nəticələrinin nəşri, mövcud müvafiq fondların imkanlarından istifadə, eksperimental və analitik tədqiqatların həyata keçirilməsinə dair təkliflərini səsləndiriblər.

Sonda TEC-in tələbə və magistrləri üçün AMEA-da “Açıq qapı” günü və seminarların təşkilinə dair razılıq əldə olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.