Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Radiasiya materialşünaslığı sahəsində görkəmli alim Oqtay Səmədovun 65 yaşı tamam olur
04.04.2017 15:49
  • A-
  • A
  • A+

Radiasiya materialşünaslığı sahəsində görkəmli alim Oqtay Səmədovun 65 yaşı tamam olur

Aprelin 5-də radiasiya materialşünaslığı sahəsində görkəmli tədqiqatçı, AMEA-nın Radiasiya Problemləri İnstitutunun  direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Səmədovun 65 yaşı tamam olur.

Oqtay Səmədov 1952-ci il aprelin 5-də Neftçala rayonunun Xolqarabucaq kəndində müəllim ailəsində anadan olmuşdur. 1969-cu ildə Salyan şəhəri Nizami adına 2 nömrəli orta məktəbi, 1975-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Əmək fəaliyyətinə müəllimliklə başlayan O.Səmədov 1975-1979-cu illərdə Xolqarabucaq kənd orta məktəbində fizika müəllimi işləmişdir. 1979-cu ildə Radiasiya Problemləri İnstitutunun Seqnetoelektriklərin radiasiya fizikası laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır.

1980-cı ildə Radiasiya Problemləri İnstitutunun aspiranturasına daxil olmuş, 1988-ci ildə “Spontan polyarizasiya olunmuş kristallarda faza keçidlərinin dielektrik və piroelektrik xassələrinin tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.

Professorun sonrakı elmi fəaliyyəti TlİnS2 və TlGaSe2 kristalları əsasında yaradılmış relaksor seqnetoelektriklərin fiziki xassələrinin tədqiqinə həsr olunmuş və bu sahədə böyük praktik əhəmiyyətə malik olan elmi nəticələr əldə olunmuşdur. 2006-cı ildə bu mövzuda doktorluq dissertasiyasını müdafiə edən O.Səmədovun tədqiqatlarında ifratkeçirici birləşmələr alınmış və bu birləşmələrin ifratkeçiricilik temperaturu müəyyənləşdirilmişdir. Radiasiyanın ifratkeçiricilik temperaturuna və xüsusi müqavimətinə təsiri öyrənilmişdir. Şüalanmış, aşqarlanmış və interkalyasiya olunmuş yarımkeçirici seqnetoelektriklərin dielektrik və elektrik ölçmələri ilə nanodomen relaksor halı tədqiq olunmuşdur.

O.Səmədov seqnetoelektriklərin radiasiya fizikası və texnologiyası sahəsində Azərbaycanda aparılan ilk tədqiqatların müəllifidir. Onun tərəfindən oksigen-oktaedrik quruluşlu spontan-polyarizasiya olunmuş kristallarda faza keçidlərinə radiasiyanın təsiri sahəsində mühüm araşdırmalar aparılmışdır.

Alim elmi tədqiqatlara elektrik və maqnit sahələrinin müxtəlif seqneto və antiseqnetoelektriklərdə struktur faza keçidlərinə təsirin tədqiqi ilə başlamışdır.

Onun müəllifi olduğu radiasiya materialşünaslığına dair 200-dən artıq məqalə dünyanın aparıcı nəşrləri olan  yüksək impakt faktorlu “Ferroelectrics”,  « Физика твердого тела»,  «Physica Status solidi», «International Journal of Theoretical and Applied Nanotechnology» və  digər jurnallarda dərc olunmuşdur. Bu məqalələrə yalnız son 3 ildə dünyanın məşhur elm mərkəzlərindən olan tədqiqatçıların istinadlarının sayı 200-ü keçir.

O.Səmədov 2013-cü ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adını almışdır.  

2014-cü ildə AMEA Radiasiya Problemləri İnstitutunun Nizamsız bərk cisimlərin radiasiya fizikası laboratoriyasının rəhbəri seçilmiş, 2015-ci ildə isə həmin institutun direktoru vəzifəsinə təyin olunmuşdur. İnstituta rəhbərlik etdiyi qısa müddət ərzində ölkənin nüvə və radiasiya təhlükəsizliyini təmin etmək üçün cəbhə bölgəsində, transsərhəd sularda və onların dib çöküntülərində radioaktiv izotopların və ağır metalların paylanmasını aşkar etmək məqsədi ilə ekspedisiyalar təşkil etmiş və alınmış nəticələr müvafiq dövlət orqanlarına təqdim edilmişdir. Azərbaycanın nüvə və radiasiya təhlükəsizliyində nüvə və radioaktiv materialların qaçaqmalçılığı və nüvə terrorizminin qarşısının alınması məqsədi ilə sərhəd keçid məntəqələrində xüsusi monitorinq avadanlıqlarının qurulması, işlək vəziyyətdə saxlanılması, sərhəd və gömrük qurumu əməkdaşları üçün tədris kurslarının keçirilməsi ABŞ Energetika Nazirliyinin təhlükəsizlik departamentinin dəstəyi ilə Radiasiya Problemləri  İnstitutu tərəfindən icra olunmuşdur. İonlaşdırıcı şüaların qeydiyyatı üçün yeni detektorların işlənilməsi və onların əsasında radiasion cihazqayırmanın ölkəmizdə genişlənməsi həyata keçirilmişdir.

Alimin əldə etdiyi nailiyyətlər dəfələrlə keçmiş SSRİ EA və müstəqillik qazandıqdan sonra AMEA-nın illik hesabatında mühüm nəticələr kimi qiymətləndirilmişdir.

O, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, Ukrayna Elmi Texniki Mərkəzinin bir neçə layihə müsabiqəsinin qalibi olmuş və bu layihələri uğurla başa çatdırmışdır. Bu ilin sentyabrında Qazaxıstanın Almatı şəhərində keçiriləcək “Nüvə elmləri və texnologiyaları” Beynəlxalq elmi Forumunun Təşkilat Komitəsinə üzv seçilmişdir.

Alimin elmi kadrların yetişdirilməsindəki xidmətləri də diqqətə layiqdir. O, seqneto-antiseqneto və yarımkeçirici-seqnetoelektriklərin piroelelektrik, dielektrik xassələri üzrə elmi məktəb yaratmış, onun rəhbərliyi ilə 4 fəlsəfə doktoru və  1 elmlər doktoru yetişdirmişdir. Hazırda alimin rəhbərliyi altında radiasiya materialşünaslığı ixtisası üzrə 2 elmlər doktoru və 3 fəlsəfə doktorluğu işləri müvəffəqiyyətlə yerinə yetirilir.

Ömrünün müdrüklük çağını yaşıyan  görkəmli alim Oqtay Səmədova möhkəm can sağlığı,  elmi-təşkilatı fəaliyyətində uğurlar arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: