www.science.az
04.04.2017 11:23

Filologiya Problemləri üzrə Elmi Şuranın cari ildəki 3-cü iclası keçirilib

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu müəssisənin direktoru, akademik Rafael Hüseynovun sədrliyi ilə AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya Problemləri üzrə Elmi Şurasının cari ildəki 3-cü iclası keçirilib.

İclasda 2-si elmlər doktorluğu, 31-i isə fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə təqdim olunmuş 33 dissertasiya mövzusu müzakirə olunub.

Elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Firudin Qurbanovun “Orta əsrlər Azərbaycan ədəbi ənənəsində irfan rəmzlərinin tarixi təkamülü” mövzusu düzəliş edilməklə “Orta əsrlər Azərbaycan ədəbi ənənəsində irfan rəmzləri” adı ilə təsdiq edilib. Digər elmlər doktorluğu hazırlığı üzrə iddiaçı Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı Fəridə Vəliyevanın “XIII-XV əsrlər anadilli türk şeirində folklor ənənəsi” mövzusu isə orta əsr əlyazmaları ilə işləmə vərdişlərinin olmaması və bu mövzunun onun bilik və bacarıqlarına uyğun gəlməməsi səbəbindən təsdiq edilməyib.

İclasda fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə “Xanımana Əlibəylinin yaradıcılığı”, “XX əsr rus və Azərbaycan ədəbiyyatı şeir formalarının inkişafında ədəbi əlaqələrin rolu”, “Bulud Qaraçorlu Səhəndin həyatı və yaradıcılığı”, “XXI əsrdə Azərbaycan leksikoqrafiyasının inkişafı”, “Azərbaycan çap jurnalistikası müasir media kontekstində”, “Rus mühacir ədəbiyyatında Türkiyə mövzusu”, “Qarabağ ermənilərinin dilində türk sözləri”, “Multikulturalizm və ədəbiyyat (XX əsrin II yarısı Amerika və Azərbaycan nəsri)”, “Azərbaycan dili şivələrində müasir türk dillərinin leksik, qrammatik quruluşu ilə ortaq funksional-semantik xüsusiyyətlər” kimi dissertasiya mövzuları ətrafında müzakirələr geniş elmi diskussiyaya çevrilib. 

Beləliklə, iclasda 11-nin adında dəyişiklik edilməklə, 20 dissertasiya mövzusu təsdiq edilib. Bəzi mövzular isə təsdiq olunmayıb və müraciət edənlərə tədqiqatını düzgün formalaşdırmaq üçün müvafiq tövsiyələr verilib. 

Müzakirələrdə akademik Rafael Hüseynovla yanaşı, professorlar, filologiya üzrə elmlər doktorları Atamoğlan Həsənov, Azadə Musayeva, Bədirxan Əhmədov, Bilal İsmayılov, Cəlil Nağıyev, Əsgər Rəsulova, Fəxrəddin Veysəlli, İmamverdi Həmidov, Qəzənfər Kazımov, Qorxmaz Quliyev, Qulu Məhərrəmli, Nadir Məmmədli, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli çıxış edərək fikir və təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.