www.science.az
04.04.2017 10:30

Ölkəmizin Polşadakı səfiri AMEA-nın Folklor İnstitutunda Novruz bayramı ilə bağlı məruzə edib

Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri, tanınmış ictimai xadim, tarix üzrə elmlər doktoru Həsən Həsənov AMEA-nın Folklor İnstitutunda "Azərbaycan Novruzu: problemlər, müzakirələr" mövzusunda məruzə ilə çıxış edib.

Alim məruzəsində Azərbaycanın qədim adət-ənənələrinin təcəssümü olan Novruz bayramının mahiyyətindən, bayram ənənəsinin nəsildən-nəsilə zəngin mədəni irs kimi ötürülməsindən, onun sülh və həmrəylik rəmzi olmasından bəhs edib. Qeyd edib ki, yazın gəlişi ilə yeni ili qeyd etmək ənənəsinin qədim kökləri var və bir çox müasir xalqlarda bu adətlər hələ də davam etdirilir.

H.Həsənov Novruz bayramının zərdüştiliklə əlaqəsinə də toxunaraq bildirib ki, tədqiqatçı alim Meri Boys araşdırmalarında sözügedən dinin altı əsas bayramı olduğunu, lakin bunların sırasında Novruza rast gəlinmədiyini açıqlayıb.

Alim Novruz sözünün mənşəyinə də aydınlıq gətirib. Bildirib ki, Novruz fars sözü olub mənası yeni gün deməkdir. Bayram isə türk sözü olub “bay” və “aram” sözlərinin birləşməsidir. “Bay” sözü türk xalqlarının ən qədim tanrısının adını ifadə edir, “aram” isə qədim türk dilində işarə deməkdir. Beləliklə, bayram sözü “Qədim tanrının işarəsi” mənasını ifadə edir. Bu isə özünü təbiətin transformasiyasında göstərir.

Novruz bayramının səkkiz rəqəmi ilə bağlantısının qədim türk əsilli skiflərin səkkiz tanrılı panteonu ilə əlaqədar olduğunu deyən H.Həsənov bu tanrılar barədə əsaslı məlumatı yunan tarixçisi Herodotun verdiyini söyləyib.

Bildirilib ki, Novruz bayramının sosial-psixoloji əsasında hər cür ziddiyyətləri, konfliktləri aradan qaldıran sülh ideyası durur. Bu bayram müxtəlif etnos və xalqları vahid mədəniyyət fenomeni ətrafında birləşdirməklə xalqlararası harmoniya modeli kimi çıxış edir.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.