Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şamaxı Astrofizika Rəsədxanası Rusiyanın Dövlət Astronomiya  İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayıb
03.04.2017 09:03
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanası Rusiyanın Dövlət Astronomiya İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Moskva şəhərində səfərdə olub.

Azərbaycanlı alimin Moskva Dövlət Universitetinin Şternberq adına Dövlət Astronomiya İnstitutunun (DAİ) direktoru, akademik A.Çerepaşuk ilə görüşündə birgə elmi tədqiqat planları müzakirə edilib, əməkdaşlıq haqqında müqavilə imzalanıb.

DAİ-nin Günəş fizikası şöbəsinin rəhbəri, professor B.Somov ilə görüşdə isə Rusiya-Azərbaycan qrant müsabiqəsində birgə iştirak məsələsi müzakirə edilib.

Daha sonra N.Cəlilov DAİ-nin nəzdində fəaliyyət göstərən Master Robotlaşdırılmış Ümumdünya Teleskoplar Şəbəkəsinin işi ilə tanış olub. Burada keçirilən görüşdə yaxın gələcəkdə ŞAR-ın da bu qlobal şəbəkəyə qoşulması məsələsi müzakirə edilib və bu işin reallaşması üçün tələb olunan şərtlər aydınlaşdırılıb. Görüşdə DAİ ilə birgə aktiv nüvəli qalaktikaların tədqiqi üçün beynəlxalq elmi-tədqiqat laboratoriyasının təşkili məsələsinə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Rusiya Elmlər Akademiyasının Yer Maqnetizmi, İonosfer və Radio Dalğalarının Yayılması İnstitutunun (İZMİRAN) direktoru, professor V.Kuznetsov ilə keçirilən görüşdə heliosfer fizikası sahəsində birgə tədqiqatların aparılması, ŞAR üçün Şuman rezonatoru və İonosfer stansiyasının hazırlaması, kosmik laboratoriyanın təşkili, gənc kadrların İZMİRAN-a ezam olunması kimi məsələlər müzakirə edilib.

Həmçinin “Azərbaycanda astronomiya elminin müasir vəziyyəti və perspektiv inkişaf istiqamətləri” mövzusunda seminar təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: