Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Mart soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifəsidir
31.03.2017 12:41
  • A-
  • A
  • A+

Mart soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifəsidir

AMEA Milli Azərbaycan Tarixi Muzeyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə muzeyin əməkdaşları, tarixçi alimlər, Bakı şəhəri 39 saylı tam orta məktəbin şagirdləri və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri iştirak ediblər.

Anım tədbiri soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin aparıcı elmi işçisi Bəhmən Kərimov iclası açaraq ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlardan, xalqımızın doğma yurdlarından sürgün edilməsindən danışıb.

Daha sonra muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov çıxış edərək "Böyük Ermənistan" yaratmaq xülyasına düşən erməni qəsbkarlarının azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdiyini bildirib.

Tədbirdə AMEA Qafqazşünaslıq İnstitutunun Şimali Qafqaz tarixi şöbəsinin müdiri, t.ü.f.d. Vasif Qafarov çıxış edərək hadisə barədə faktları iştirakçıların nəzərinə çatdırıb. Bildirib ki, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda erməni terrorçuları 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 mindən çox insanı öz torpaqlarından qovublar: "Təkcə Bakıda 12 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 168, Qarabağın dağlıq hissəsində 150, İrəvan quberniyasında 326, Qars əyalətində isə 92 kənd yerlə yeksan olunub".

İclasda çıxış edən 39 saylı tam orta məktəbin direktoru Tahirə Şükürova şagirdlərin maarifləndirilməsi istiqamətində bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonda məktəblilər 31 Mart - Azərbaycanlıların Soyqırımı ilə bağlı muzeydə yaradılmış sərgi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: