Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü tariximizə qanlı hadisə kimi yazılıb
31.03.2017 10:48
  • A-
  • A
  • A+

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü tariximizə qanlı hadisə kimi yazılıb

AMEA-nın Naxçıvan Bölməsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti” mövzusunda elmi konfrans keçirilib.

Konfrans soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev 1918-ci ilin mart ayında ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur və azərbaycanlılar yaşayan digər bölgələrdə dinc əhaliyə qarşı törədilən kütləvi qırğınlar barədə məlumat verib. Bildirib ki, mart qırğınları azərbaycanlılara qarşı ermənilərin planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin mərhələrindən biri olub. Xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış yerlərinin dağıdıldığını deyən akademik bir çox dövlətlərin arxivlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələrlə bağlı xeyli sayda materialların olduğunu qeyd edib.

İ.Hacıyev ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə, deportasiya və soyqırımı faciələrinə ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərmanla hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.

Tədbirdə, həmçinin Mir Möhsün Nəvvabın “1905-1906-cı illər erməni-müsəlman davası”, Məmməd Səid Ordubadinin “Qanlı illər” adlı kitablarında hadisələr barədə mühüm tarixi sənədlərin yer aldığı bildirilib. 

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Emin Şıxəliyev “XX yüzilliyin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar”, həmin institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti (1918-1920-ci illər)”, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Ümummilli lider Heydər Əliyev və azərbaycanlıların soyqırımı və deportasiyası məsələsi”, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə “Ermənilərin azərbaycanlılara qarşı ərazi iddialarında Naxçıvan” və tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiyası və onun nəticələri” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda 31 mart və Xocalı soyqırımlarına aid real faktları əks etdirən fotoşəkillər və sənədlərdən ibarət slayd nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: