www.science.az
30.03.2017 16:16

“Mart soyqırımı günlərində Hüseyn Cavidin Bakıda yaşadıqları” mövzusunda tədbir keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Mart soyqırımı günlərində Hüseyn Cavidin Bakıda yaşadıqları” mövzusunda anım tədbiri keçirilib.

Tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı çıxış edərək bolşevik-daşnak birləşmələrinin 1918-ci ildə törətdikləri cinayətləri ümummilli lider Heydər Əliyevin soyqırım kimi qiymətləndirdiyini və hadisələrə hüquqi qiymət verdiyini bildirib. G.Babaxanlı qeyd edib ki, hadisələr zamanı ölüm təhlükəsi ilə üzləşənlərdən biri də məhz dahi dramaturq Hüseyn Cavid olub: "Erməni cəlladları Hüseyn Cavidi və onunla bərabər “Təbriz” mehmanxanasında yaşayan digər insanları oradan silah gücünə çıxarıb və yol boyu 70 nəfərdən 60-nı qətlə yetiriblər. Hüseyn Cavid də təsadüf nəticəsində ölümün pəncəsindən qurtulmuş 10 nəfərdən biri olub".

O, çıxışının sonunda bolşeviklərin “Açıq söz” qəzetinin mətbəəsini atəşə verməsi nəticəsində Hüseyn Cavidin kitablarının yandığını və dramaturqun şah əsərlərindən biri olan “İblis” faciəsini bu təsirlər altında yazdığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.