www.science.az
29.03.2017 16:55

Azərbaycan alimlərinin mezomexanika və plastiklik fizikasından bəhs edən monoqrafiyası çapdan çıxıb

Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev və Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Əhəd Canəhmədovun həmmüəllifi olduqları “Mezomexanika və plastiklik fizikası” monoqrafiyası nəfis tərtibatda nəşr olunub.

Səkkiz bölmədən ibarət olan monoqrafiyanın rəyçisi SSRİ və Rusiya Dövlət mükafatları laureatı akademik Boris Qusevdir.

Monoqrafiyada fiziki mezomexanikanın struktur-analitik nəzəriyyəsi və konstruksiya materiallarının səth qatlarının dağılmadan əvvəlki mərhələdə yüklənən detalların gərginlik-deformasiya vəziyyətinin analizinə baxılıb. Çoxsəviyyəli iyerarxiyalı təşkil olunmuş sistemdəki kimi deformasiya olunan cisimdə qeyri-xətti kanallaşan dağılma prosesləri təsvir edilib. Kompozit materiallarının elektrodinamik xüsusiyyətlərinin modelləşdirilməsinin nəticələri göstərilib. 

Monoqrafiya dağılma mexanikası və tribologiya sahəsində ixtisaslaşan elmi işçilər, mühəndislər, eləcə də ali texniki məktəblərin yuxarı kurs tələbələri üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.