www.science.az
29.03.2017 13:12

Metsamor AES-in region üçün təhlükəsindən bəhs edən kitabın təqdimatı keçirilib

Martın 29-da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda bu müəssisənin baş elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin “Metsamor AES: region üçün ekoloji bomba" kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən institutun direktoru, hüquq elmləri doktoru Aytən Mustafazadə bildirib ki, 1969-cu ildə Ermənistanda fəaliyyətə başlayan Metsamor AES artıq öz işlək funksiyasını itirib və bütövlükdə bəşəriyyət üçün böyük təhlükə mənbəyinə çevrilib. İnstitut direktoru Metsamor AES-in nüvə tullantılarının basdırılması və Azərbaycanın çay və digər su yataqlarına axıdılmasının böyük ekoloji təhlükələr yarada biləcəyini söyləyib. Qeyd edib ki, qlobal problem olan AES təkcə Azərbaycanı deyil, digər qonşu dövlətləri də əhatə edir. Bu səbəbdən də beynəlxalq təşkilatlar Metsamor AES-ə qarşı konkret addımlar atmalıdırlar. 

A.Mustafazadə ictimaiyyətə təqdim olunan yeni kitabın Prezident İlham Əliyevin 2014-cü ilin martında Haaqada keçirilən Beynəlxalq Nüvə Sammitindəki çağırışına cavab olaraq nəşr edildiyini vurğulayıb. Bildirib ki, kitabın başqa dillərdə də çap edilməsi nəzərdə tutulur.

Sonra kitabın müəllifi Rövşən Vəlizadə çıxış edərək AES-in öz funksiyasını 6 il öncə dayandırdığını və çat vermiş blokların bərpasının mümkün olmadığını deyib. R.Vəlizadə Ermənistanın indiyədək bağlı qalan “nüvə proqramı”, Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti, eləcə də Beynəlxalq Terror Təşkilatları ilə AES-in müştərək əlaqələri barədə də məlumat verib.

Kitabda verilmiş bəzi faktların Ukraynadakı Çernobıl və Yaponiyadakı Fukuşima AES-dəki faciələrlə müqayisə olunduğunu qeyd edən R.Vəlizadə Metsamor AES-də baş verə biləcək partlayışın Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya və İran üçün böyük təhlükə törədəcəyini söyləyib.

Tədbirdə millət vəkili Flora Qasımova, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova və digərləri çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.