www.science.az
28.03.2017 11:37

"Qədim türk dastanları" kitabı nəşr olunub

Saka, Hun-Oğuz, Göytürk, Uyğur və Orta çağ türk dastanlarından seçmələrin toplandığı “Qədim türk dastanları” kitabı çapdan çıxıb.

Kitab Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə vəsaiti və AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dəstəyi ilə “Gələcəyə addım” Sosial İnkişaf İctimai Birliyinin “Türk dünyası ədəbi abidələri” layihəsi çərçivəsində nəşr olunub.

Nəşrin redaktoru və ön sözün müəllifi Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovdur.

Kitabın nəşrində məqsəd türk xalqlarının əski dünyagörüşünü, düşüncə, arzu və istəklərinə uyğun yaranmış həyat tərzlərini, eyni zamanda mifik təfəkkürlərindən doğan inanclarını əks etdirən ən qədim dastanların bir əsərdə toplanmasıdır.

Türk xalqlarının birliyinin möhkəmləndirilməsi, onlar arasında mənəvi körpülərin qorunması, milli kökə qayıdış və ortaq dəyərlərimizin gənc nəsil arasında təbliğinə xidmət edən kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, yeni nəşr bu günlərdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasına təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.