www.science.az
27.03.2017 10:48

Fransalı riyaziyyatçı nüfuzlu Abel mükafatına layiq görülüb

“Riyaziyyatçılar üçün Nobel mükafatı” adlandırılan nüfuzlu Abel mükafatına fransalı alim İv Meyer layiq görülüb.

www.abelprize.no saytı xəbər verir ki, Beynəlxalq Riyaziyyat Birliyinin və Avropa Riyaziyyat Cəmiyyətinin bu barədə qərarı haqda Norveç Elmlər və Ədəbiyyat Akademiyasının prezidenti Ole Seyersted məlumat verib.

Abel mükafatı 2003-cü ildən başlayaraq hər il müasir riyaziyyat elmi sahəsində fundamental nəticələr əldə etmiş görkəmli alimlərə verilir.

Mükafat 77 yaşlı alimə veyvletlərin riyazi nəzəriyyəsinin inkişafındakı müstəsna xidmətlərinə görə verilib. Bu nəzəriyyə harmonik analiz, verilənlərin sıxılması, küyün yatırılması, tibbi vizuallaşma, arxivləşdirmə və digər sahələrdə tətbiqi əhəmiyyətə malikdir.

Pul ekvivalenti 715 min dollar təşkil edən bu mükafatın təqdimetmə mərasimi bu il mayın 23-də Norveçin paytaxtı Osloda olacaq.