Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“Van” tərkibli sözlərin geoloji etimologiyası
21.03.2017 10:21
  • A-
  • A
  • A+

“Van” tərkibli sözlərin geoloji etimologiyası

Qədim dövrlərdən müəyyən regionların və bəzi insan məskənlərinin adları böyük şəxsiyyətlərin fikirlərinə uyğun olaraq bir sıra faydalı filiz yataqlarının adlarına, yaxud da onların morfoloji xüsusiyyətlərinə görə verilib. Məlumdur ki, “van” tərkibli sözlərdən ibarət olan bəzi şəhər və regionlar vardır. Buna Van gölü, Sevan, Şirvan, Yerevan, Naxçıvan kimi sözləri misal çəkmək olar. Bəs bu sözlərin əsas mənası geoloji baxımdan necə dəyərləndirilir?

-“Van” sözü geoloji proseslər nəticəsində yaranan oval morfoloji xüsusiyyəti ilə səciyyələnən su ilə dolu çökmə mənasını daşıyır. Bu söz rus dilində də işlənilir: vannaya, bannaya, banya, yəni su ilə dolu bir çökmə mənbəyi. Geoloji xəritəyə nəzər yetirsək, görərik ki, nisbətən yaxın ərazilərdə Türkiyədə Van gölü, İranda Urmiyə və ya Rəzayə gölü, Qərbi Azərbaycanda isə Sevan gölü yerləşir. Bu səbəbdən Van gölü fars dilində yek, yəni birinci Van, Urmiyə dü Van-ikinci Van, Sevan isə sə Van–üçüncü Van gölü hesab oluna bilər.

Şirvan Kür çökəkliyinin cənub hissəsində qədim zamanda şirlərin yaşadığı yer adlanıb. Yerevan şəhəri geoloji nöqteyi-nəzərdən iri dərin paleogen yaşlı çökəklikdə yerləşir və buna görə də onun adı İri-Vandır.

Naxçıvan sözü də “van” tərkibli olduğuna görə çökəklik morfologiyası ilə əlaqədardır. Lakin bu çökəklik oval formasında deyil, uzunsovdur. Çökəklik Azərbaycan ərazisindən başlayaraq şimal-qərb istiqamətində Ararat çökəkliyindən keçərək Türkiyəyə qədər uzanır və gəmi formasını xatırladır. “Naxçi” sözünü farsdilli lüğətlərdə “gəmi kapitanı” ifadəsini “naxuda” sözü əvəz edir. Görünür, Naxçıvan şəhərinin adı Naxudavan sözündən götürülüb. Naxçıvanı gəmiyəbənzər formada olan çökəkliyinin kapitanı kimi düşünmək olar.

AMEA Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Arif İsmayılzadə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: