Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

"Macarıstan günləri" çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında müxtəlif tədbirlər keçirilib
21.03.2017 09:49
  • A-
  • A
  • A+

"Macarıstan günləri" çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında müxtəlif tədbirlər keçirilib

Məlum olduğu kimi, 16-17 mart 2017-ci il tarixlərində Bakıda "Macarıstan günləri" keçirilib.

Tədbir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi, Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyi, Azərbaycanın Macarıstandakı səfirliyi, bu ölkənin Azərbaycandakı səfirliyi və AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə birgə təşkil olunub.

"Macarıstan günləri" çərçivəsində martın 16-da saat Mərkəzi Elmi Kitabxanada macar yazıçısı İmre Madaçın “İnsanın faciəsi” əsərinin Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib. 

Tədbirdə çıxış edən Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotski Azərbaycanda “Macarıstan günləri”nin təşkilinə görə minnətdarlığını bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan-Macarıstan münasibətlərinə, iki dost ölkə arasında əməkdaşlığın inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb.

Akademik qeyd edib ki, iki ölkə arasında ədəbi əlaqələr XX əsr boyu və müstəqillik illərində geniş inkişaf edib. Qarşılıqlı olaraq Azərbaycan ədəbiyyatı macar dilinə, macar ədəbiyyatının qiymətli nümunələri isə ana dilimizə tərcümə olunub, dəfələrlə kitab halında nəşr edilib.

AMEA-nın vitse-prezidenti bildirib ki, macar ədəbiyyatının görkəmli klassiki İmre Madaçın “İnsanın faciəsi” əsərinin Azərbaycan dilinə tərcüməsi və Bakıda yüksək poliqrafik səviyyədə nəşri müasir dövrdə ədəbi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə böyük töhfədir.

Martın 17-də isə Mərkəzi Elmi Kitabxanada dünya miqyaslı türkoloq-alim Georq Hazainin xatirəsi anılıb. Toplantıda Macarıstan Baş nazirinin xanımı Aniko Levai iştirak edib.

Tədbirdə Macar Xalq İncəsənəti Yaradıcılıq Mərkəzinin baş direktoru, professor Janos Havari Bəkir Sıtkı Çobanzadənin yaradıcılığı barədə məlumat verib, şerlərindən nümunələr səsləndirib.

Daha sonra kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova tanınmış macar türkoloqu, professor Georq Hazainin xatirəsi ilə bağlı təqdimatla çıxış edib. Bildirib ki, G.Hazainin elmi fəaliyyətinin əsas istiqamətləri Balkanlar da daxil olmaqla Avropada türk dili və dialektlərinin öyrənilməsi, Balkan-Slavyan dilləri üzərində araşdırmaların aparılması, Çinin Kaşqar vilayətindəki uyğur yazılı abidələrin (Turfan) öyrənilməsi olub.

L.İmanova qeyd edib ki, G.Hazainin Azərbaycanla əlaqələri 1965-ci ildən başlayıb. Alim ömrünün son illərinə qədər Mərkəzi Elmi Kitabxananın fondlarına ədəbiyyat göndərib. Azərbaycanı dünyada əhəmiyyətli türkologiya mərkəzi hesab edən görkəmli alim 2012-ci ildə öz şəxsi kitabxanasının türkologiyaya aid bölümünü Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin təşkilatçılığı ilə 1742 sayda mənbəni Mərkəzi Elmi Kitabxanaya və 300-ə yaxın mənbəni Naxçıvan Dövlət Universitetinə hədiyyə edib.

Sonda G.Hazainin qızı xanım Sesilia Hazai atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: