www.science.az
18.02.2014 00:00

Professor Asif Rüstəmlinin 60 illik yubileyi qeyd edilib

AMEA Nizami adına Ədəbiyyat İnstitutunda institutun Həmkarlar təşkilatının sədri, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmlinin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademikİsa Həbibbəyli yubilyarın yaradıcılığı barədə əhatəli məlumat verib, professor Asif Rüstəmlinin Azərbaycan ədəbiyyatında əsasən cabbarlışünas kimi tanındığını bildirib. Alimin görkəmli dramaturq C.Cabbarlının yaradıcılığı ilə bağlı apardığı tədqiqatlarının mükəmməl bir monoqrafiyada toplandığını söyləyən İ.Həbibbəyli sözügedən monoqrafiyanın ədəbiyyatşünaslıq tarixində layiqli yer tutduğunu qeyd edib.

Akademik İsa Həbibbəyli professor Asif Rüstəmlini klassik dövrün mətbu nəşrlərini diqqətlə araşdırıb mükəmməl tədqiqat işləri aparan, müntəzəm olaraq ölkənin, eləcə də qonşu dövlətlərin arxivlərində axtarışlar apararaq yeni faktlar üzə çıxaran, qiymətli məqalələr yazan yorulmaz tədqiqatçı alim kimi səciyyələndirib. İ.Həbbibəyli alimin araşdırmalarını özünəməxsus təqdimetmə sistemini və şəxsi dəst-xəttini önə çəkərək dəyərli elmi-tədqiqat əsərləri ortaya qoyduğunu, C.Cabbarlı yaradıcılığından başqa, “Molla Nəsrəddin” xəttinə də sadiq olduğunu, bu istiqamətə diqqət və maraq göstərərək bir sıra əsərlər yazdığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən millət vəkili Elmira Axundova, filologiya üzrə elmlər doktorlarıQəzənfər Paşayev, Vaqif Arzumanlı, Məhərrəm Qasımlı, Vaqif YusifliQurban BayramovAslan Salmansoy, AMEA Azad Həmkarlar İttifaqının sədri, tarix üzrə fəlsəfə doktoru Adil Mirabdullayev, filologiya üzrə fəlsəfə doktorları Elnarə AkimovaXalidə XalidZakirə Əliyeva və başqaları çıxış edərək Asif Rüstəmlinin elmi-pedaqoji fəaliyyəti, yaradıcılıq məziyyətlərindən danışıblar, onu görkəmli ədəbiyyatşünas, mətnşünas kimi səciyyələndiriblər.

Tədbir çərçivəsində yubilyarın həyat və yaradıcılığının müxtəlif məqamlarını əks etdirən slaydlar göstərilib, əsərlərinin sərgisi nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.