www.science.az
03.03.2017 14:35

AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

Bu gün AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə tanınmış ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Akademiyasının fəxri üzvü, filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun anadan olmasının 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

Konfransı açan AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli alimin tək Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da peşəkar dilçi kimi tanındığını bildirib. Qeyd edib ki, Q.Kazımov həmişə filoloji elmin ən mühüm, aktual problemlərinə diqqət yetirib və onun tədqiqat üslubu bədii-estetik xüsusiyyətlərinə görə fərqlənir.

Sonra Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu “Görkəmli dilçi alim” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında alimin Azərbaycan dilçiliyi və ədəbiyyatşünaslığı sahələrində məhsuldar fəaliyyət göstərdiyini və çoxsaylı araşdırmaları ilə bütövlükdə filologiya elminə dəyərli töhfələr verdiyini bildirib. M.Nağısoylu alimin “Azərbaycan dilindən təcrübi məşğələlər”, “Yazıçı və dil”, “Komik-bədii vasitələr”, “Bədii ədəbiyyatda komizm üsulları”, “Qurbani və poetikası”, “Sənət düşüncələri”, “Dilimiz-tariximiz”, “Müasir Azərbaycan dili. Sintaksis”, “Azərbaycan dilinin tarixi (Ən qədim dövrlərdən XIII əsrə qədər)” kimi kitabların, o cümlədən ali və orta məktəblər üçün “Azərbaycan dili” dərsliklərinin müəllifi olduğunu diqqətə çatdırıb.

Konfransda AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli, institutun Terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru Sayalı Sadıqova və digərləri çıxış edərək professorun Azərbaycan dilçilik elminin inkişafındaki xidmətlərindən, elmi-pedaqoji fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Q.Kazımov xalqımızın etnogenezi, kökü, dilimizin tarixi ilə bağlı bir sıra qaranlıq məsələləri incəliyinə qədər araşdırıb, bir-birindən dəyərli monoqrafiya və sanballı kitabları ərsəyə gətirib.

Sonda Q.Kazımov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.