www.science.az
01.03.2017 16:31

Riyaziyyat və Mexanika İnstitutunda akademik İbrahim İbrahimovun 105 illiyinə həsr olunan tədbir keçirilib

Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, akademik İbrahim İbrahimovun anadan olmasından 105 il ötür.

Bu münasibətlə AMEA Riyaziyyat və Mexanika İnstitutunda görkəmli alimin xatirəsi yad edilib. Anım tədbirində institutun direktoru, professor Misir Mərdanov akademik İ.İbrahimovun Azərbaycan riyaziyyat elminin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, İ.İbrahimov riyaziyyat sahəsində elmlər namizədi adını almış ilk azərbaycanlı alimdir. O, 170-dən çox elmi əsərin, bir sıra monoqrafiya və dərsliklərin müəllifi olub. 

Qeyd olunub ki, akademik İ.İbrahimov 1939-cu ildə məşhur sovet riyaziyyatçısı A.Qelfondun elmi rəhbərliyi ilə namizədlik, 1946-cı ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Alim analitik funksiya vasitəsilə düzələn bəzi sistemlərin tamlığını tədqiq edərək riyazi analiz sahəsində klassik nəticələrə nail olmuşdur. Onun 1955-ci ildə “Ədədlər nəzəriyyəsinin əsasları”, 1957-ci ildə “Sıralar nəzəriyyəsinin əsasları” və 1962-ci ildə “Riyazi analiz kursu” dərslikləri çap edilmişdir. Akademik 1950-1952-ci illərdə K.Rosse və İ.Privalov tərəfindən ali məktəblər üçün yazılmış “Diferensial hesabı” və “İnteqral hesabı” kitablarını Azərbaycan dilinə tərcümə etmişdir.

İ.İbrahimov Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti olmuşdur.

Tədbirdə digər çıxış edənlər görkəmli alimin Azərbaycan riyaziyyat elminə verdiyi töhfələrdən danışıblar, onun özündən sonra qoyub getdiyi zəngin irsin hələ uzun illər boyu tədqiq ediləcəyini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.