www.science.az
01.03.2017 12:14

Azərbaycan alimləri Birləşmiş Ərəb Əmirliklərində elmi ezamiyyətdə olublar

AMEA Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri, akademik Hətəm Quliyev İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Akif Musayev 21-26 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərində elmi ezamiyyətdə olublar.

Azərbaycanlı alimlər Şarjah şəhərində keçirilən "Nəzəri və tətbiqi fizikanın ön cəbhəsi" mövzusunda beynəlxalq konfransda iştirak ediblər.

Dünyanın 40-a yaxın ölkəsindən 500-dən çox alim və mütəxəssisin qatıldığı beynəlxalq tədbirdə akademik H.Quliyev "Yerin bərk nüvəsi haqqında yenilik" və "Aləmin əbədi dövranı paradiqması" mövzusunda məruzələrlə çıxış edib. 

Konfransın sponsoru olan “IOP Publishing” şirkəti bir sıra iştirakçıları, o cümlədən akademik H.Quliyevi bu nüfuzlu elektron elm platformasına 6 ay müddətində ödənişsiz girişlə təmin edib.

Səfər çərçivəsində alimlərimiz Almaniyanın Milli Metrologiya İnstitutunun prezidenti, prof. Yoahim Ulrix,  Amerikanın Nyu Meksiko Dövlət Universitetinin professoru Heinz Nakotte, Şarjah Amerika Universitetinin Fizika fakültəsinin dekanı, prof. Ali Alnaser, Rusiya Elmlər Akademiyasının Yüksək Enerji Elektron İnstitutunun professoru Viktor Tarasenko, Beyrut Ərəb Universitetinin dosenti Hanan Talal Rahal və digər görkəmli alimlərlə görüşlər keçiriblər.

Görüşlərdə müasir metrologiya sahəsində fiziki ölçmə vahidlərinin dəqiqləşdirilməsi və sənayenin müxtəlif sahələrində alınmış müsbət yeniliklərin iqtisadiyyatın müasir problemlərinin həllində istifadəsi kimi məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.