www.science.az
01.03.2017 10:41

AMEA Avropa Nüvə Tədqiqatları Mərkəzi ilə əməkdaşlığı genişləndirir

İsveçrədə səfərdə olan AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 27-də Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) olub.

Nümayəndə heyətinin tərkibinə AMEA–nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi v.i.e., Fizika İnstitutunun direktoru, AMEA–nın müxbir üzvü Nazim Məmmədov və Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini Anar Rüstəmov daxildirlər.

Səfər çərçivəsində akademik Akif Əlizadə CERN rəhbərliyi ilə görüşüb. Görüşdə iki qurum arasında nüvə fizikası və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Həmçinin Avropa Nüvə Tədqiqatları Mərkəzinin yaranma tarixi və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

AMEA-nın nümayəndə heyəti CERN-in Böyük Adron Kollayderində fəaliyyət göstərən və yerin səthindən təxminən 100 və 80 metr dərinlikdə yerləşən CMS (Compact Muon Selenoid) və ALİCE (A Large Ion Collider Experiment) detektorlarına da səfər ediblər. Azərbaycanlı alimlərə CMS və ALİCE qurğusu, burada yerinə yetirilən tədqiqatlar barədə ətraflı məlumat verilib.

Sonda AMEA-nın prezidenti CERN-in fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Məlumat üçün qeyd edək ki, dünyanın ən böyük yüksək enerji fizikası laboratoriyası olan CERN 1954-cü il sentyabrın 29-da 12 Avropa ölkəsinin iştirakı ilə yaradılıb və Cenevrə yaxınlığında İsveçrə ilə Fransa sərhədində yerləşir. Hazırda quruma üzv ölkələrin sayı 22-dir. Bəzi ölkələr və beynəlxalq təşkilatlar isə burada assosiativ üzv və müşahidəçi statusuna malikdir. CERN-də 2500-dən çox daimi işçi çalışır, eyni zamanda 70 ölkənin 600 universitet və institutundan 12000-ə yaxın fizik və mühəndis mərkəzin beynəlxalq təcrübələrində iştirak edir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.