Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

"İnteraktiv açıq dərs"də Naxçıvanın zəngin bitki örtüyü və heyvanlar aləmindən bəhs olunub
28.02.2017 16:04
  • A-
  • A
  • A+

"İnteraktiv açıq dərs"də Naxçıvanın zəngin bitki örtüyü və heyvanlar aləmindən bəhs olunub

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti "interaktiv açıq dərs" keçirilib. Dərslər AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun “Naxçıvan Muxtar Respublikasının faunası” mövzusunda apardığı dərsdə bu regionun zəngin bitki örtüyü, heyvanlar aləmi və təbii sərvətləri barədə şagirdlərə ətraflı məlumat verilib. 

Naxçıvan Muxtar Respublikasının ərazisinin təbii şəraitinə görə Azərbaycanın digər bölgələrindən fərqləndiyini söyləyən akademik T.Talıbov bildirib ki, onurğasız heyvanlar faunası 18 tip, 45 sinif, 126 dəstə, 607 fəsilə, 2030 cins, 4598 növdən, onurğalı heyvanlar faunası isə 6 sinif, 35 dəstə, 96 fəsilə, 252 cins və 404 növdən ibarətdir.

Dərsdə Səhra və Xınalı kəkliyi, Leşyeyən kartal, İlancıl və dünyada ən kiçik quşlardan sayılan Kalibri quşu, o cümlədən uçan yarasa, ən mükəmməl məməli heyvanlardan biri olan canavarlar barədə də şagirdlərə məlumat verilib. Həmçinin muxtar respublikada Bəbir ailəsinin yaşadığı diqqətə çatdırılıb. Bildirilib ki, ötən il Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində yeni Bəbir ailəsi aşkar edilib. 

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 avqust 2006-cı il tarixi Sərəncamına əsasən, ilk dəfə olaraq muxtar respublikanın flora və faunasına dair iki cilddən ibarət “Qırmızı kitab”lar hazırlanaraq nəşr edilib. Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən "Naxçıvan Muxtar Respublikasının Onurğasızlar faunasının taksonomik spektri" monoqrafiyası nəşr olunub.

Açıq dərs ümumilikdə muxtar respublikanın 218 məktəbində izlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: