www.science.az
27.02.2017 16:58

İnformasiya Texnologiyaları İnstitutunda “SABAH” qruplarının tələbələri ilə görüş keçirilib

AMEA prezidenti, akademik Akif Əlizadənin “SABAH" qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçməsi haqqında” 25 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən, Azərbaycan Texniki Universitetinin (AzTU) III və IV kurs tələbələrinin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda təcrübə keçmələri nəzərdə tutulub. Bu məqsədlə İnformasiya Texnologiyaları İnstitutunda AzTU-nun "SABAH" qruplarında “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” və “Kompüter mühəndisliyi” ixtisasları üzrə təhsil alan və hazırda institutda istehsalat təcrübəsi keçən tələbələrlə görüş keçirilib.

Görüşdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, institutun elmi-katibi Mədinə Səidova,Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rasim Mahmudov və sektor müdiri İradə Ələkbərova iştirak ediblər.

Öncə R.Əliquliyev çıxış edərək rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirib ki, burada informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlar aparılır, İT sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı həyata keçirilir. Azərbaycanda ilk dəfə İnternetə çıxışın 1991-ci ildə məhz bu institutda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirildiyini qeyd edən akademik 1995-ci ildə ölkədə ilk veb-sayt olan AMEA-nın rəsmi saytının da bu qurumda fəaliyyətə başladığını vurğulayıb.

R.Əliquliyev ölkə Prezidenti, o cümlədən AMEA rəhbərliyi tərəfindən elmin inkişafına daim diqqət və qayğı göstərildiyini, elm və təhsilin inteqrasiyası istiqamətində mühüm tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Azərbaycan elminin innovativ inkişafına xidmət edən magistratura təhsil pilləsinin son illər akademiyanın elmi müəssisələrində, o cümlədən institutda təşkil olunmasının gənc tədqiqatçılar üçün böyük imkanlar açdığını qeyd edib.

AMEA-da təhsil alan magistrantların tədqiqatçı-magistr kimi formalaşdığını söyləyən akademik insititutun magistrantlarının hər biri ilə fərdi qaydada iş aparıldığını, onların beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaları üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. İnformasiya texnologiyaları sahəsində tədqiqat aparan gənclərə böyük ehtiyac olduğunu qeyd edən R.Əliquliyev tələbələri institutda mövcud olan elmi mühit və təcrübədən yararlanmağa səsləyib.  

Sonra institut direktoru tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, “SABAH” qrupları ali təhsildə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə AR Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssələrində savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplar zənciridir. Layihənin əsas məqsədi ali təhsil sahəsində davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün zəruri mühitin yaradılması, Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına dəstək, dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq, elmi-tədqiqat, təcrübə və tələbə mübadilələrinin genişləndirilməsi və əmək bazarının tələblərinə uyğun olaraq peşəkar mütəxəssislərin yetişdirilməsidir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.