www.science.az
27.02.2017 09:40

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə edilib

AMEA-nın Naxçıvan Bölməsində bu qurumun Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev iclası açaraq “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildinin hazırlanması istiqamətində İşçi qrupu tərəfindən görülən yekun işlər barədə tədbir iştirakçılarına məlumat verib. O, bu günlərdə kitabın ikinci cildinin hazırlanması işlərinə başlanılacağını bildirib.

Sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev “Darı dağ sürmə filizinin kopleks emalı” adlı elmi məruzəsini təqdim edib. Məruzədə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərindən şimala doğru 9 km məsafədə yerləşən Darıdağ sürmə filiz yatağından, sürmə filizi əsasında aparılan təcrübələrdən, onların nəticələrindən bəhs olunub.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub və gələcəkdə aparılacaq tədqiqatların elmi səmərəliliyini yüksəltmək üçün müvafiq tapşırıqlar verilib.

Tədbirdə Naxçıvan Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə “Dədə Qorqud yurdu-Naxçıvan” tarix və etnoqrafik atlası"nın hazırlığı barədə Rəyasət Heyətinin üzvlərinə məlumat verib. 

Daha sonra Naxçıvan Bölməsində akademik Həsən Əliyevin və professor Məhəmmədhüseyn Təhmasibin 110 illik yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi barədə qərarlar qəbul olunub.

Sonda bir sıra kadr məsələlərinə də baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.