www.science.az
24.02.2017 12:27

Akademik Ziya Bünyadovun xatirəsi anılıb

Fevralın 24-də AMEA Şərqşünaslıq İnstitutunun kollektivi Fəxri xiyabanda görkəmli şərqşünas alim, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun xatirəsini anıb, məzarı üzərinə əklil və gül dəstələri qoyub.

Anım mərasimində bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva akademik Z.Bünyadovun zəngin və mənalı həyat yolundan, böyük elmi irsindən, yaratdığı elmi məktəbdən danışıb. Alimin yetirmələrinin onun yolunu layiqincə davam etdirdiklərini söyləyib. Bildirib ki, Z.Bünyadovun öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər şərqi və ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb.

İnstitutun direktoru Z.Bünyadovun dünya şöhrətli alim olmaqla yanaşı, həm də Böyük Vətən müharibəsi illərində göstərdiyi rəşadətə görə Sovet İttifaqı Qəhrəmanı adını almasını, həm keçmiş Sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqının mənafeyini öz kəsərli qələmi ilə həmişə yüksək səviyyədə müdafiə etməsini, ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan əsas şəxslərdən olmasını qeyd edib.

Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev, institutun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d. Fərda Əsədov və başqaları

 görkəmli alimin zəngin irsdən və Azərbaycan şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.