Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

24.02.2017 12:55
  • A-
  • A
  • A+

AMEA-da “Azərbaycan və dünya incəsənətində soyqırımı mövzusu” kitabının təqdimatı olub

AMEA-da “Azərbaycan və dünya incəsənətində soyqırımı mövzusu” kitabının təqdimatı olub

Fevralın 24-də “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Əvvəlcə iştirakçılar akademiyanın foyesində Xocalı soyqırımına həsr edilən rəsm sərgisi ilə tanış olublar. Sərgidə AMEA əməkdaşlarının 15 əsəri nümayiş olunub.

Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında təşkil olunan tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan xalqının başına gələn tarixi faciələrdən, Xocalı soyqırımından söz açıb, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verildiyini söyləyib. Akademik İ.Həbibbəyli Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun, xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın xidmətlərini xüsusi qeyd edib. Bildirib ki, Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyasının uğurla aparılması sayəsində artıq bir sıra ölkələrdə Xocalı faciəsi soyqırımı aktı kimi tanınır.

Tədbir çərçivəsində “Azərbaycan və dünya incəsənətində soyqırımı mövzusu” kitabının təqdimatı da keçirilib.

Nəşrin elmi və tarixi əhəmiyyətindən danışan akademik İ.Həbibbəyli yeni kitabda ilk dəfə vizual incəsənətdə soyqırımı mövzusuna aid materialların ümumiləşdirilərək dərc olunduğunu diqqətə çatdırıb. Bildirib ki, kitabda soyqırımı anlayışının sosial-hüquqi statusu məsələlərinə aydınlıq gətirilir, Azərbaycan və xarici ölkələrin təsviri sənətində bu mövzuya müraciət edən rəssam və heykəltaraşların yaradıcılığı təhlil olunur. Həmçinin soyqırımı hadisələrinin incəsənətdə təcəssümü, onun məzmununa, xarakterinə və ideya-estetik mündəricəsinə təsiri məsələləri işıqlandırılır.

AMEA-nın vitse-prezidenti təqdim edilən kitabın beynəlxalq ictimaiyyəti, o cümlədən türk dünyasını Xocalı soyqırımı barədə daha ətraflı məlumatlandırmaq baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. 

Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin “Xocalı faciəsi təsviri sənətdə”, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mərziyyə Nəcəfovanın “Xocalı soyqırımı: poetik fəryaddan ümumbəşəri ittihama” və Memarlıq və İncəsənət İnstitutunun ümumi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalovun "Azərbaycan və dünya incəsənətində soyqırımı mövzusu" tədqiqatı" adlı məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: