www.science.az
23.02.2017 14:33

“Qara yubiley – Xocalı faciəsinin 25 yaşı” mövzusunda elmi sessiya keçirilib

Fevralın 23-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Qara yubiley – Xocalı faciəsinin 25 yaşı” mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı və onun başvermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat verib. Vurğulayıb ki, bu dəhşətli hadisə millətimiz üçün həm böyük insan tələfatı, həm də çoxlu sayda tarixi mədəniyyət abidələrinin məhv edilməsi ilə nəticələnib. 

Muzeyin direktoru bu soyqırımının xalqımıza qarşı planlı şəkildə gerçəkləşdirilmiş terror, deportasiya və etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilib, bu faciənin ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı olduğu bütün dünyaya bəyan edilib.

“Azərbaycan xalqının uğradığı soyqırımları: mərhələlər, dərslər, vəzifələr” mövzusunda məruzə edən akademik R.Hüseynov bildirib ki, tarix boyu ermənilər xalqımıza qarşı düşmənçilik mövqeyi tutub, ayrı-ayrı dövrlərdə Azərbaycanın inamlı addımlarla irəliləməsindən narahat olaraq beynəlxalq hüquq normalarına zidd müxtəlif təxribat və qırğınlar törədiblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının uğurla həyata keçirilməsi nəticəsində artıq bir sıra dövlətlər Xocalıda törədilən qırğını soyqırımı kimi qəbul edib.

Tədbirdə muzeyin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Xatirə Bəşirlinin “Xocalı soyqırımının tanıdılması Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritetlərindən biri kimi”, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəylinin “Türkdilli mənbələrdə Xocalının səsi”, muzeyinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayevanın “Xocalı faciəsinin ədəbiyyat və mədəniyyətdə əksi” mövzusunda məruzələri dinlənilib.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.