Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Türkologiya" jurnalının fəaliyyəti yüksək qiymətləndirilib
23.02.2017 11:13
  • A-
  • A
  • A+

"Türkologiya" jurnalının fəaliyyəti yüksək qiymətləndirilib

AMEA Nəsimi adına Dilçilik İnstitutunda "Türkologiya" jurnalının fəaliyyətinə həsr olunmuş hesabat iclası keçirilib. 

İclası açan Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu çıxışında "Türkologiya" jurnalının fəaliyyətindən və inkişaf yolundan söz açıb.

Sonra jurnalın baş redaktoru, akademik Kamal Abdullayev çıxış edərək nəşrin hazırki fəaliyyət istiqamətlərini diqqətə çatdırıb. Bildirib ki, AMEA Rəyasət Heyətinin orqanı olan "Türkologiya"  jurnalı təkcə dilçilik məsələlərini deyil, ədəbiyyat, tarix, fəlsəfə, folklor, mifologiya üzrə türkoloji araşdırmaları da işıqlandırır.

K.Abdullayev jurnalın redaksiya heyətinə tanınmış dilçi alimlərin cəlb edilməsi, beynəlxalq məsləhətçilər şurasında Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan, Polşa və digər ölkələrin alimlərinin təmsil olunması məsələlərindən də söhbət açıb. Akademik jurnalın nəzdində seminarların təşkili və yaxın zamanlarda əlavələrinin çap olunması ilə bağlı fikirlərini bölüşüb.

Daha sonra “Türkologiya” jurnalının baş redaktor müavini, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov jurnalın fəaliyyətini yüksək qiymətləndirib. Alim “Türkologiya” mərkəzinin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Nəşrin məsul katibi Elçin İbrahimov jurnalın beynəlxalq əlaqələrindən bəhs edərək Türkiyədə Türk Dil Qurumunun rəhbərliyi ilə görüşlərin keçirildiyini bildirib. O, Türkiyənin Qazi və Hacettəpə universitetlərində “Türkologiya” jurnalına dair seminarların təşkil olunduğunu diqqətə çatdırıb.

Sonda “Türkologiya” jurnalının hesabatı Dilçilik İnstitutunun Elmi Şurası tərəfindən qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: