www.science.az
18.02.2014 00:00

ATGTİ ilə AMEA Gənc Alim və Mütəxəssislər Şurası arasında əməkdaşlığa dair Razılaşma Memorandumu imzalandı

17 fevral 2014-cü il tarixdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) AMEA Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvləri ilə görüş keçirildi.

Məqsəd iki qurum arasında dostluq, əməkdaşlıq, gənc alimlərlə tələbələr arasında əlaqələrin yaradılmasını dəstəkləməkdən ibarət idi.

Görüşdə ATGTİ-nin sədri Şahin İsmayılov, ATGTİ-nin Elm və Təhsil departamentinin direktoru Əzizə Nəcəfova, AMEA GAMŞ-nin sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov, sədr müavini, riyaziyyat üzrə fəlsəfə doktoruFamil Seyfullayev, Geologiya İnstitutu GAMŞ-nin sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov, AMEA Ədəbiyyat İnstitutu GAMŞ-nin sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva, AMEA Torpaqşunaslıq və Aqrokimya İnstitutu GAMŞ-nin sədri Nüsrət Siracov iştirak edirdilər.

ATGTİ-nin fəaliyyəti haqqında məlumat verən Ş.İsmayılov 2009-cu ildə təsis edilmiş ittifaqın ölkəmizin 110 dövlət və özəl ali məktəbinin Tələbə Gənclər Təşkilatını özündə birləşdirdiyini diqqətə çatdırdı. Bildirdi ki, ATGTİ ali məktəblərdə təhsilin inkişafına yardım etmək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etmək məqsədilə yaradılmışdır. İttifaqın fəaliyyəti nəticəsində 500 layihə həyata keçirilmiş, dünyanın 30-dan çox ölkəsinə tələbələr göndərilmişdir.

Gənclərin elmə cəlb edilməsinin AMEA-da aparılan islahatların prioritet istiqamətlərindən olduğunu bildirən F.Salmanov şuranın yaradılmasında əsas məqsədin gənclərin elmi fəaliyyətini stimullaşdırmaq, elmin inkişafında rolunu daha da artırmaq, həmçinin təşəbbüskar, innonativ ideyalara malik gəncliyi bir araya gətirmək olduğunu söylədi. GAMŞ-nin gənclərin elmi, intellektual inkişafında aparıcı rol oynadığını diqqətə çatdırdı. O, rəhbərlik etdiyi şuranın 52 nəfər şura üzvü, 19 nəfər idarə heyəti, ümumilikdə isə 649 üzvünün olduğunu qeyd etdi.

Sonda tərəflər arasında birlikdə elm və təhsil sahəsində layihə və proqramların, elmin təbliği və inkişafı məramı ilə tədbirlərin həyata keçirilməsi və s. məqsədilə əməkdaşlığa dair Razılaşma Memorandumu imzalandı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.