www.science.az
22.02.2017 16:14

“Azərbaycan xalqına qarşı soyqırımları tarixində Xocalı” mövzusunda elmi konfrans keçirilib

Fevralın 22-də Sumqayıt Dövlət Universitetində (SDU) bu ali təhsil müəssisəsinin və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan xalqına qarşı soyqırımları tarixində Xocalı” mövzusunda elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Elxan Hüseynov vurğulayıb ki, amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 25 il ayırır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək.

Rektor qeyd edib ki, Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilib.

E.Hüseynov Xocalı qətliamının beynəlxalq aləmdə soyqırımı aktı kimi tanınması istiqamətində Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin uğurları, həmçinin 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının əhəmiyyəti barədə geniş məlumat verib.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Xocalı faciəsinin dünyada bənzərinin olmadığını vurğulayıb. Alim qeyd edib ki, rəhbərlik etdiyi elmi müəssisədə aparılan tədqiqatların mühüm istiqamətlərindən biri xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımları tarixinin tədqiqidir. Tarix İnstitutunda son onillikdə dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı əks etdirən külli miqdarda arxiv sənədləri gətirilərək toplu şəklində nəşr olunub.

Y.Mahmudov Ermənistanın Xocalı soyqırımı ilə təkcə Azərbaycana deyil, bütün bəşəriyyətə qarşı ağır cinayət törətdiyini vurğulayıb.

Tədbirdə, həmçinin SDU-nun Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyevin “XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı”, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun “1948-1953-cü illərdə azərbaycanlıların deportasiyası soyqırımı cinayətidir”, SDU-nun Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasının müdiri, professor Şirxan Səlimovun “Ermənilərin Şamaxıda törətdiyi soyqırımı (1918-ci il)” və tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəflinin “Azərbaycanda və Şərqi Anadoluda törədilmiş soyqırımları yeni arxiv sənədlərində” mövzularında məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.