Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.02.2017 17:45
  • A-
  • A
  • A+

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının hesabatı dinlənilib

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının hesabatı dinlənilib

Fevralın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanovun Şuranın illik hesabatı barədə məruzəsi dinlənilib.

Şura sədri qeyd edib ki, 2016-cı ildə AMEA-da gənclərin intellektual potensialının inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilib, onların respublikanın sosial, mədəni və ictimai həyatında yaxından iştirakının, beynəlxalq elmi məkana inteqrasiyasının sürətləndirilməsi məqsədilə mühüm işlər görülüb. Famin Salmanov çıxışında Akademiya rəhbərliyinin müəyyən etdiyi strategiyaya və Şuranın illik fəaliyyət planına uyğun olaraq bir sıra yeni layihələrə imza atıldığını deyib: “Molekulyar biologiya, kimya, fizika, botanika, yer elmləri və digər sahələrdə gənc alim və mütəxəssislər beynəlxalq səviyyəli müştərək tədqiqatlarda mühüm nəticələr əldə edib. Həmin nəticələr “Web of  sciences” elmi bazalarında referatlaşdırılmış impakt faktoru yüksək jurnallarda dərc olunub”.

Akademiyada magistratura təhsil pilləsindən danışan Şura sədri bildirib ki, savadlı gənclərin gələcəkdə AMEA-nın magistraturasını seçməsi üçün ali təhsil ocaqlarında elmi seminarlar təşkil edilib. Alim vurğulayıb ki, 2016-cı ildə gənclərin innovativ layihələrlə tanışlığı məqsədilə “İNNOday” tədbirləri çərçivəsində “BethClip”, “Braille Pad” və “EduRings” kimi maraqlı layihələr təqdim olunub.

Famin Salmanov çıxışında Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə ilk dəfə Füzuli rayonunun Böyük Bəhmənli kəndində şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilmiş riyaziyyat fənnindən məktəblərarası bilik yarışmasının keçirildiyini xatırladıb.

Hesabat dinlənildikdən sonra müzakirə edilib. Rəyasət Heyəti AMEA-da gənc alim və mütəxəssislərin beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi, onların elmi nəticələrinin “Springer”, “Elsevier”, “Scopus” və “Tomson Reuters” kimi nüfuzlu beynəlxalq elmi bazalara daxil olan jurnallarda nəşri istiqamətində fəaliyyətin gücləndirilməsi, innovativ yönümlü tədqiqat işlərinin aparılması və digər məsələlərlə bağlı tapşırıqlar verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: