www.science.az
20.02.2017 15:32

AMEA-da Beynəlxalq Ana Dili Günü qeyd edilib

Fevralın 20-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsinin tarixindən danışıb, dilimizin zənginləşdirilməsi və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı Azərbaycan dilinin sərbəst inkişafı və geniş tətbiqi üçün zəmin yaratmışdır.

Diqqətə çatdırlıb ki, Beynəlxalq Ana Dili Günü 1999-cu ildə UNESCO-nun baş konfransında elan olunub və 2000-ci ilin fevralından etibarən hər il mədəni müxtəlifliyi, o cümlədən çoxdilliliyi təbliğ etmək üçün keçirilir. Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dili ilə qürur duymağı, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Bu günün tarixi-mənəvi dəyərindən bəhs edən M.Nağısoylu qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” müvafiq Sərəncamları dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Sonra çıxış edən filologiya üzrə elmlər doktoru Buludxan Xəlilov ana dilimizin tarixi təkamül xüsusiyyətləri və bugünkü inkişaf meyllərindən bəhs edib.

Tədbirdə çıxış edən professorlar Əzizxan Tanrıverdi, Sənubər Abdullayeva, Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli və başqaları dilimizin saflığının daim qorunmasının və təbliğinin vacibliyini vurğulayıblar.

Daha sonra “Ana dili müstəqilliyimizin atributu kimi”, “Dil xalqın mənəvi varlığıdır”, ”Ana dilimizin saflığını qoruyaq” mövzularında məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.