www.science.az
10.02.2017 16:00

Fəlsəfə İnstitutunda “Kreativ tolerantlıq və konvergensiya” adlı layihə müzakirə edilib

AMEA-nın Fəlsəfə İnstitutunda növbəti elmi seminar keçirilib. Seminarda institutun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanov “Kreativ tolerantlıq və konvergensiya” Elmi Disskussiya Klubunun yaradılması təklifi ilə çıxış edib. Alim bildirib ki, çağdaş dövrümüzdə kreativ tolerantlıqla konvergensiyanın inteqrasiyasını özündə birləşdirən təşkilata ehtiyac vardır: “Alimlərin, elmə marağı olan insanların bir araya gələrək öz potensiallarını birləşdirməsi, fikir mübadiləsi aparması, o cümlədən elmlərarası əlaqələrin nəzəriyyəsi və metodologiyasının öyrənilməsi baxımından bu klubun yaradılması əhəmiyyətlidir”.

Məruzəçinin sözlərinə görə, klubun mövcud analoji strukturlardan fərqi onun müasir elmin bütün sahələrində baş verən yenilikləri könüllülük əsasında açıq müzakirə etmək imkanına malik olmasıdır. Burada humanitar və ictimai elmlər sahəsində müzakirələrin aparılmasına, həmçinin fəlsəfə, sosiologiya və geosiyasi nəzəriyyələrin təhlilinə diqqət göstərilməlidir.

Elmin fəlsəfəsinin müasir inteqrativ elmi nəzəriyyələr çərçivəsində hazırlanan metodoloji vasitələrdən istifadə ilə sıx bağlı olduğunu vurğulayan F.Qurbanov qeyd edib ki, fəlsəfi təhlillər elmi-tədqiqat işləri ilə birbaşa əlaqədə olmalıdır. “Kreativ tolerantlıq və konvergensiya” Elmi Disskussiya Klubunda bu, əsas istiqamətlərdən birini təşkil edir.

O, bildirib ki, klub həm də sosiologiyanın bütün müasir sahələrini əhatə edən tədqiqatlara dövlətçilik aspektindən əhəmiyyət verir, təbiət elmləri sahəsində baş verən yeniliklərə də diqqət göstərir. Bu layihə çərçivəsində alimlər riyaziyyat, fizika, kimya, biologiya, tibb, qeyri-səlis məntiq, müxtəlif yeni sintetik elmi istiqamətlərdə olan yenilikləri, kəşfləri, ixtiraları müzakirə edə bilərlər.

F.Qurbanov klubun strukturunun yaradılması və fəaliyyətinin təşkili ilə bağlı təkliflərini də irəli sürüb.

Layihə ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

İclasda, həmçinin institutun laborantı Hafizə İmanovanın “2017-ci ilin qlobal riskləri: Fəlsəfi baxış” mövzusunda məruzəsi dinlənilib. Məruzədə ABŞ-ın “Stratfor” Analitik Mərkəzinin, Davos Beynəlxalq İqtisadi Forum ekspertlərinin, Rusiyanın “РСМД” Analitik Mərkəzinin və bir sıra tanınmış analitikin analizləri və proqnozları şərh edilib. Onların müəyyən etdiyi qlobal risklər diqqətə çatdırılıb. 2017-ci ildə gözlənilən risklər kontekstində dünya sisteminin fəlsəfi-sinergetik təhlili verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.