www.science.az
07.02.2017 12:58

Elm Tarixi İnstitutunda keçirilən iclasda bir sıra mühüm məsələlər müzakirə edilib

Elm Tarixi İnstitutunda AMEA prezidenti, akademik Akif Əlizadənin akademiyanın elmi müəssisə və təşkilatlarının Vikipediya ensiklopediyası ilə əlaqədar fəaliyyəti üzrə hesabat haqqında qərarının icrasına dair iclas keçirilib. Tədbirdə Vikipediyada insitututun fəaliyyəti ilə yanaşı, struktura uyğun bölmələr üzrə informasiyanın yenilənməsi və buraya yeni məlumatların əlavə edilməsinin vacibliyi vurğulanıb.

Sonra Vikipediya üzrə işçi qrupu yaradılıb və institut əməkdaşları bu onlayn ensiklopediyadan istifadə ilə əlaqədar təlimatlandırılıb.

İclasda dünyanın nüfuzlu “Thomson Reuters” Agentliyinin mütəxəssisləri tərəfindən bu bazaya daxil olan jurnallarda məqalələrin dərc edilməsinə dair müzakirələr aparılıb. İnstitut əməkdaşlarının “Thomson Reuters”də qeydiyyatdan keçməsi və onların elmi məqalələrinin bu bazaya daxil edilməsinin zəruriliyi qeyd olunub.

Xatırladaq ki, 2016-cı il oktyabr ayının 11-də dünya elmi ictimaiyyəti arasında ən nüfuzlu elmi- informasiya təminatçısı və mənbəyi kimi tanınan “Thomson Reuters” təşkilatı ilə AMEA arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqavilədə AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və orada çalışan çox sayda alim və mütəxəssislərin “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanı əks olunmuşdur.

Tədbirdə, həmçinin Elm Tarixi İnstitutunun Həmkarlar Təşkilatının Birləşmiş Azad Həmkarlar təşkilatında təmsil olunmasına dair fikir mübadiləsi aparılıb. Bu elmi müəssisənin direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli Birləşmiş Azad Həmkarlar təşkilatının fəaliyyətinin böyük əhəmiyyətə malik olduğunu qeyd edib, bir sıra təklif və tövsiyyələr səsləndirib.

Sonra açıq səsvermə ilə Elm Tarixi İnsitutunun kiçik elmi işçisi Aysel Bədəlova bu qurumun Həmkarlar Təşkilatının sədri seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.