www.science.az
02.10.2013 00:00

YAP-ın Xəzər rayon təşkilatı Azərbaycan ziyalıları ilə görüş keçirdi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xəzər rayon təşkilatı oktyabrın 9-da keçiriləcək prezident seçkilərində hakim partiyanın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası ilə əlaqədar olaraq Azərbaycanın elm xadimləri, alim və ziyalıları ilə görüş keçirdi. Görüşdə YAP-ın sədr müavini, AMEA prezidenti, akademik Akif Əlizadə, Milli Məclisin deputatı Rauf Əliyev, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və digər qonaqlar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Namiq Əhmədov son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişaf etdiyini vurğuladı. Dövlət başçısı tərəfindən qəbul olunmuş ölkənin sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramlarının əhəmiyyətindən söhbət açdı.

Tədbirdə çıxış edən akademik A.Əlizadə ölkəmizdə həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan uğurlardan danışdı: “Azərbaycanın bugünkü reallıqları ölkənin, sözün əsl mənasında, müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilməsindən xəbər verir. Sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə regionun iqtisadi, mədəni, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə, forumlara ev sahibliyi edir. Bütün bu uğurlar Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. Bu gün Azərbaycana gələn hər bir xarici vətəndaş, hər bir qonaq, bu reallıqları görür, təqdir edir və qiymətləndirir”

Akademiyanın bütün elmi-tədqiqat institut və müəssisələrində innovativ inkişafa xidmət edən islahatların aparıldığını bildirən AMEA prezidenti bu işlərin reallaşdırılmasında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılmasının xüsusi rola malik olduğunu vurğuladı. Dövlət başçısının diqqət və qayğısı nəticəsində AMEA-nın maddi-texniki bazasının gücləndirildiyini vurğuladı: “Mərkəzi Akademik Kitabxananın və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binalarının tikintisi və akademiyanın əksər institutlarında aparılan təmir-bərpa işləri buna bariz nümunədir”.

Sonra çıxış edən Xəzər rayon Ağsaqqallar şurasının üzvü Cümşüd Muradov, millət vəkili Rauf Əliyev, Milli Aviasiya Akademiyasının dekanı, hüquq üzrə fəlsəfə doktoru Nazim Nağıyev, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri, tarix üzrə elmlər doktoru Təvəkkül Səlimov Azərbaycanda son 10 ildə əldə olunan nailiyyətlərdən danışdılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.