www.science.az
03.02.2017 12:24

Şərqşünaslıq İnstitutunun əməkdaşının mərakeş poeziyasından tərcümə kitabı işıq üzü görüb

Mərakeş Krallığının ölkəmizdəki sabiq səfiri, yazıçı, şair, siyasi elmlər doktoru Həsən Haminin (Hassan Hami) “Xəzərin nəğmələri” adlı şeirlər kitabı Azərbaycan dilində işıq üzü görüb.

Şeirləri ərəb dilindən AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mahir Həmidov tərcümə edib.

Kitaba yazdığı “Ön söz”də Həsən Hami bu üçüncü şeir divanını Cənubi Qafqazın göz bəbəyi olan Azərbaycanda, Xəzər dənizindən ilham alaraq yazdığını qeyd edir. Azərbaycanda olduğu müddət ərzində ölkəmizin milli-mənəvi dəyərləri, adət-ənənələri ilə yaxından tanış olan H.Hami şeirlərində “İçərişəhər”, “Qız qalası”, “Muğam” və digər milli atributlarımızdan geniş istifadə edib. Azərbaycanın fərqli etnik və dini tərkibinin olmasına baxmayaraq, burada tolerant cəmiyyət nümunəsinin canlı örnəyinin olduğunu vurğulayan, öz ölkəsi ilə respublikamızı müqayisə edən H.Hami, çoxçeşidli mədəniyyət və din mənsublarının qardaşcasına birlikdə yaşadığı Azərbaycan və Mərakeşin ortaq tərəflərinin olduğunu ifadə edir.

Təqdim edilən kitabda “Bakı”, “Əsatir”, “Ən gözəl səfər”, “Fərqli baxış”, “Əgər bilmək istəsən” və s. kimi şeirlər verilib. Kitabda ön söz və şeirlər həm ərəbcə orijinalda, həm də Azərbaycan dilinə tərcümədə təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.