www.science.az
02.02.2017 10:23

AMEA-nın İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

Fevralın 1-də AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının mülki müdafiə qərargah rəislərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan şöbənin rəisi Eldar Quliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Rəhbər heyətin Mülki Müdafiə məşqinin keçirilmə metodikasının öyrənilməsi barədə məlumat verən E.Quliyev bildirib ki, 2017-ci il üçün hazırlanmış MM tədbirlər planına uyğun olaraq İkinci Xüsusi şöbə tərəfindən müxtəlif seminar-məşğələlərin keçirilməsi nəzərdə tutulur. Əsas məqsəd ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunmaq üçün öncədən profilaktik tədbirlərin görülməsi, elmi müəssisələrdə fəaliyyət göstərən əməkdaşların maarifləndirilməsi, onların MM hazırlığının yoxlanılmasıdır.

E.Quliyev qeyd edib ki, seminarlar ölkə Prezidentinin 1998-ci il 18 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş "Mülki müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə", Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli Qərarının və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin MM qoşunlarının komandanlığının tövsiyələri əsasında təşkil olunacaq.

Diqqətə çatdırılıb ki, rəhbər heyətin MM məşqləri ildə bir dəfə təşkil olunur. Məşqlər zamanı rəhbər heyət obyektin MM planına əsasən özünün xidmət vəzifələrini öyrənir. 2016-ci ildə II Xüsusi şöbə tərəfindən elmi müəssisələrdə aparılan yoxlamalar zamanı rəhbər heyətin MM məşqlərinin keçirilməsində bəzi nöqsanlar aşkar olunub.

II Xüsusi şöbənin rəisi Eldar Quliyev institut və təşkilatların MM qərargah rəislərinə tədbirlərin keçirilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.

Daha sonra şöbənin baş mütəxəssisi Əlimərdan Məhəmmədov məşq zamanı rəhbər və komandir-rəis heyətlərinin hərbiləşdirilmiş dəstələrinin MM hazırlanması qaydalarının metodikası ilə bağlı çıxış edib. 

Seminarda, həmçinin 1 Mart - Ümumdünya Mülki Müdafiə günü münasibətilə elmi müəssisə və təşkilatlarda tədbirlər plana uyğun olaraq seminarların keçirilməsi tövsiyə olunub.

Sonda bir sıra cari məsələlərə baxılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.