www.science.az
02.02.2017 11:16

Filologiya Problemləri üzrə Elmi Şuranın cari ildəki ilk iclası keçirilib

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu müəssisənin direktoru, akademik Rafael Hüseynovun sədrliyi ilə AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya Problemləri üzrə Elmi Şurasının 2017-ci ildəki ilk iclası keçirilib.

İclasda 3-ü elmlər doktorluğu, 23-ü isə fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə təqdim olunmuş 26 dissertasiya mövzusu müzakirə olunub.

Elmlər doktorluğu hazırlığı proqramı üzrə AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Fərqanə Əliyevanın “Azərbaycan tarixşünaslıq abidələrində və salnamələrdə bədii qat və ədəbiyyat məsələləri”, həmin muzeyin qiyabi doktorantı Ziyafət Hüseynovanın “XX əsr Azərbaycan qəzəlinin inkişaf xüsusiyyətləri” və Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının doktorantı Səməngül Qafarovanın “Azərbaycan və rus uşaq ədəbiyyatı və folkloru: təşəkkülü, inkişaf mərhələləri və qarşılıqlı əlaqələri” mövzuları heç bir dəyişiklik olunmadan təsdiq edilib. 

Tədbirdə “Den Braunun bədii mətnlərində gerçəklik və onun postmodernist strukturu (“Da Vinçi şifrəsi”, “Cəhənnəm”, “Mələklər və şeytanlar” romanları əsasında)”, “Azərbaycan uşaq mətbuatının tədqiqi məsələləri (1920-2000-ci illər)”, “Amerika hindularının dilində türk mənşəli sözlər”, “İngilis və Azərbaycan dillərində tərkib və budaq cümlə problemi”, “Mətnin aktual üzvlənməsi və mətn vahidləri”, “XIV-XV əsrlər Azərbaycan klassik ədəbiyyatında antroponimlər və onların struktur-semantik xüsusiyyətləri” kimi dissertasiya mövzuları ətrafında müzakirələr geniş elmi diskussiyaya çevrilib. 

İclasda fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə təqdim olunmuş dissertasiya mövzularından 6-sının adında müəyyən dəyişikliklər edilməklə 20 mövzu təsdiq edilmişdir. 

Müzakirələrdə akademik Rafael Hüseynovla yanaşı, filologiya üzrə elmlər doktorları Bədirxan Əhmədov, Cəlil Nağıyev, Əsgər Rəsulov, Fexrəddin Veysəlli, İmamverdi Həmidov, Qəzənfər Kazımov, Qorxmaz Quliyev, Qulu Məhərrəmli, Mehdi Kazımov, Nadir Məmmədli, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli çıxış edərək fikir və təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.