www.science.az
02.02.2017 09:35

Görkəmli dilçi alim

Bu günlərdə ölkəmizin elmi ictimaiyyəti Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Ağamusa Axundovun 85 illik yubileyini qeyd edir. Müasir Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən sayılan akademik Ağamusa Axundov çoxşaxəli zəngin yaradıcılığı ilə dilçilik elmimizin inkişafında mühüm rol oynamış, ona öz töhfələrini vermiş, məktəb yaratmışdır. Alimin keçdiyi mənalı və şərəfli ömür yolu, elmdə qazandığı uğurlar, çoxsaylı titulları və təltifləri bunun ən parlaq ifadəsidir.

Ağamusa Ağası oğlu Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində anadan olmuşdur. 1950-ci ildə orta məktəbi medalla bitirmiş və elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti-BDU) filologiya fakültəsinə daxil olmuşdur. Universitetdə oxuyarkən respublikamızın ən tanınmış ədəbiyyatşünas və dilçi alimləri onun müəllimləri olmuşlar: Həmid Araslı, Əli Sultanlı, Mikayıl Rəfili, Məmməd Arif, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Muxtar Hüseynzadə, Əzəl Dəmirçizadə, Məmmədağa Şirəliyev, Hadi Mirzəzadə... Belə bir yüksək elmi mühitdə yetişən istedadlı gənc tələbə tez bir zamanda dərin biliyi, ağlı və zəkası ilə müəllimlərinin böyük hörmət və nüfuzunu qazanır. Sonralar tələbəlik illərini xatırlayan Ağamusa Axundov universitet müəllimləri içərisində əməkdar elm xadimi, professor Muxtar Hüseynzadənin adını ayrıca çəkir və onun simasında özünə güclü bir himayədar tapdığını qeyd edir. A.Axundov universitetin IV kursunda oxuyarkən Tələbə Elmi Cəmiyyətində “Kür” sözünün etimologiyası ilə bağlı çıxış edir və onun bu mövzu ətrafındakı fikirləri hələ o zaman mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir. 

1955-ci ildə ali təhsilini Nizami təqaüdü ilə başa vuran Ağamusa Axundov elə həmin il universitetin aspiranturasına daxil olur və 1958-ci ilin aprelində “Felin zaman kateqoriyası (Azərbaycan dili materialları əsasında)” mövzusunda namizədlik dissertasiyasını aspirantura müddətindən 6 ay qabaq uğurla müdafiə edir. 

Gənc alim 1958-ci ildə ali təhsil aldığı universitetin ümumi dilçilik kafedrasında müəllim, bir qədər sonra baş müəllim vəzifəsində çalışır. 1964-cü ildə “Azərbaycan dilinin fonemlər sistemi (fizioloji, akustik, statistik, fonoloji tədqiqat təcrübəsi)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək SSRİ miqyasında filologiya sahəsində ən gənc elmlər doktoru (32 yaş) alimlik dərəcəsi adını alır. 

Qazandığı elmi nailiyyətlərlə kifayətlənməyən alim öz bilik dairəsini daha da genişləndirmək - ikinci bir ixtisas qazanmaq üçün 1959-cu ildə Azərbaycan Dövlət Dillər İnstitutunun ingilis dili şöbəsinə daxil olur və 1965-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. İkinci ixtisası gənc alimin hərtərəfli yetişməsində böyük rol oynayır və o, 1965-ci ildə Misirin paytaxtı Qahirə şəhərindəki Eyn-Şəms Universitetinə ezam olunaraq bir il müddətində orada ingilis dilində Azərbaycan dili və ədəbiyyatından mühazirələr oxuyur, ölkəmizi xaricdə layiqincə təmsil edir. O vaxtlar xaricdə işləmək, xüsusilə də təhsil sahəsində çalışmaq böyük bir hadisə sayılırdı və hər kəsə nəsib olmurdu. Bu faktın özü də Ağamusa Axundovun hələ o vaxtlar Azərbaycan təhsilində və elmi ictimaiyyətində nə dərəcədə böyük nüfuz sahibi olduğunu açıq-aşkar təsdiq edir. 1967-ci ildə professor elmi adını alan A.Axundov həmin il Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dekanı seçilir və müxtəlif dövrlərdə daha dörd dəfə bu vəzifədə çalışır. 

Professor Ağamusa Axundov 1990-cı ildə Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun direktoru seçilir və 22 il müddətində bu məsul vəzifədə səmərəli fəaliyyət göstərir, institutun nüfuzunu yüksəldərək bacarıqlı elm təşkilatçısı kimi tanınır.

2001-ci ildə professorun həyatında əlamətdar hadisələr baş verir. Belə ki, həmin il o, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü və akademiyanın yeni təşkil olunmuş Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsinə seçilir. Qeyd edək ki, 2001-ci ildə AMEA tarixində ən böyük seçkilər baş tutmuş və bu mötəbər elmi qurumun sıralarına 27 həqiqi üzv və 89 müxbir üzv qoşulmuşdur. 2007-ci ildə isə Ağamusa Axundov çoxdan bəri layiq olduğu AMEA-nın həqiqi üzvü seçilməklə yanaşı, eyni zamanda ikinci dəfə akademiyanın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi olur. 

Görkəmli alimin elmi irsi istər sayca çoxluğu, istərsə də mövzu rəngarəngliyi ilə seçilir. 36 kitabın, 500-ə yaxın məqalənin müəllifi olan elm xadiminin yaradıcılığının zirvəsi, şah əsəri respublika Dövlət mükafatına layiq görülmüş “Azərbaycan dilinin fonetikası” adlı sanballı monoqrafiyasıdır. 1984-cü ildə “Maarif” nəşriyyatında nəşr olunmuş bu kitab həmin vaxtdan indiyədək respublikamızın, demək olar ki, bütün ali məktəblərində fonetika üzrə əsas dərs vəsaitidir. Alim bu sanballı monoqrafiyasına qədər də fonetika sahəsində, istər tarixi, istərsə də müasir fonetika məsələləri istiqamətində ardıcıl elmi araşdırmalar aparmış və onların nəticəsi olaraq daha iki monoqrafiyanı ərsəyə gətirmişdir: “Azərbaycan dilinin fonemlər sistemi” və “Azərbaycan dilinin tarixi fonetikası”. A.Axundovun fonetika ilə bağlı tədqiqatlarının yekunu, ümumiləşdirməsi olan “Azərbaycan dilinin fonetikası” kitabında Azərbaycan dilçiliyində ilk dəfə olaraq sait və samitlərin fonoloji, fizioloji, akustik və statistik təhlili təcrübi faktlar əsasında araşdırılmış və bir sıra mühüm elmi nəticələr ortaya qoyulmuşdur.

Professor Ağamusa Axundovun 1979-cu ildə nəsr olunmuş “Ümumi dilçilik (dilçilik tarixi, nəzəriyyəsi və metodları)” və “Riyazi dilçilik” kitabları da istər nəzəri və təcrübi əhəmiyyəti, istərsə də elmi yeniliyi ilə seçilir. Qeyd edək ki, akademikin dərs vəsaiti kimi nəzərdə tutulmuş bu kitablarından birincisi Azərbaycanda üç dəfə nəşr olunmuş və 1994-cü ildə “Təhsil” cəmiyyətinin mükafatını almışdır. Professorun adı çəkilən ikinci kitabı isə respublikamızda riyazi dilçiliyə həsr olunmuş ilk elmi araşdırma sayılır və bu baxımdan mühüm elmi yeniliyi ilə seçilməklə yanaşı, eyni zamanda gələcəkdə bu yöndə aparılacaq tədqiqatlar üçün geniş yol açır.

Akademik Ağamusa Axundovun “Dil və üslub məsələləri”, “Dilin estetikası”, “Dil və mədəniyyət” kitabları da sanbalı və yüksək elmi səviyyəsi ilə diqqəti cəlb edir. Alimin orta məktəblərin 5-ci, 6-cı və 7-ci sinifləri üçün hazırladığı “Azərbaycan dili” dərslikləri də mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir. Həmin dərsliklərdən biri (5-ci sinif) indiyədək 13 dəfə nəşr olunmuşdur. Ümumiyyətlə, akademik Ağamusa Axundov 12 dərslik və dərs vəsaitinin müəllifidir.

Ağamusa Axundov respublikamızda dilçilikdə mühüm yer tutan və strateji əhəmiyyət daşıyan etimologiya üzrə elmi araşdırmalar aparan ilk alimlərdən biridir. Məlumdur ki, Azərbaycan dilinin etimoloji lüğəti, təəssüf ki, hələ də tam şəkildə tərtib olunmamış və bu sahədə yalnız ayrı-ayrı araşdırmalar aparılmışdır. Bu baxımdan A.Axundovun “Torpağın köksündə tarixin izləri” adlı əsəri (1983), eləcə də “Dil və ədəbiyyat” kitabındakı (I cild, 2003) “Azərbaycan dilinin tarixi-etimoloji lüğətinə aid materiallar” bölməsi gələcəkdə bu mühüm sahədə ciddi elmi araşdırmaların aparılması və nəhayət, Azərbaycan dilinin tarixi-etimoloji lüğətinin hazırlanması üçün münbit zəmin yaradır və böyük əhəmiyyət daşıyır.

Akademik bir sıra mötəbər beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmiş və dünya miqyasında da tanınmış, böyük nüfuz qazanmışdır. Həmin elmi toplantılar sırasında 1967-ci ildə Praqada keçirilən VI Beynəlxalq Fonetika Konfransını, Ankarada təşkil olunan Türk Dil Qurumunun Beynəlxalq Elmi Qurultayını (1972) xüsusi olaraq qeyd etmək lazımdır. A.Axundovun Praqada “Türk dillərində şəkilçi morfemlərin fonematik tərkibi”, Ankarada isə “Azərbaycan dilinin fonetik sistemində heca ilə bağlı bəzi qanunauyğunluqlar haqqında” mövzusunda məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Görkəmli alim təkcə keçən əsrin 80-ci illərində respublikamızın hüdudlarından kənarda təşkil edilən 13 ümumittifaq və beynəlxalq elmi konfranslarda sanballı məruzələrlə çıxış etmişdir. Həmin konfranslar sırasında, Moskva, Daşkənd, Ufa, Mahaçqala, Belqrad, Budapeşt, Tbilisi, Alma-Ata, Bişkek, Ankara, İzmir, Urmiya (İran), Aşqabad şəhərlərində keçirilən elmi yığıncaqlar xüsusilə yaddaqalan olmuşdur.

Professor Ağamusa Axundov 1973-cü ildə SSRİ ali təhsil işçilərinin Moskvada Böyük Kreml sarayında keçirilən Ümumittifaq müşavirəsinin iştirakçısı olub, 1974-cü ildə isə Türkoloqların Sovet Komitəsinin üzvü seçilib. Bunlar o vaxtlar üçün əlamətdar hadisə sayılırdı, yalnız böyük nüfuz sahibi olan alimlər belə mötəbər tədbirlərdə iştirak edir və ya bu cür qurumların üzvü seçilirdi.

Ağamusa Axundov 1987-ci ildə “Azərbaycan dünyası”nın təşkil etdiyi nümayəndə heyətinin tərkibində ABŞ-da dostluq səfərində olmuş və Nyu Orlean şəhərinin fəxri xarici vətəndaşı adını almışdır.

Alim 1995-ci ildə Tokio Elmə Yardım Cəmiyyətinin dəvətilə bir ay Yaponiyada olmuş və bu ölkənin müxtəlif universitetlərində çalışan yapon türkoloqları ilə görüşlər keçirmiş, tələbə və müəllimlər qarşısında dilçiliyə, xüsusilə də fonetikaya dair mühazirələr oxumuşdur.

Akademik Ağamusa Axundov bilik dairəsinin genişliyi, elmi diapazonunun əhatəliliyi ilə seçilən nadir elm adamlarından biri idi. Onun müdriklik çağında (2003) işıq üzü görən ikicildlik “Dil və ədəbiyyat məsələləri” adlı çox sanballı və irihəcmli (1094 səh.) kitabı bunun parlaq ifadəsi və əyani sübutudur. Belə ki, alimin bu kitabında adından da göründüyü kimi, dilçiliyin müxtəlif sahələri ilə yanaşı, ədəbiyyatşünaslığa da aid dəyərli fikirləri yer almışdır.

Görkəmli alim 2012-2015-ci illərdə AMEA-nın Rəyasət Heyətində müşavir vəzifəsində çalışmışdır. 2015-ci il sentyabr ayının 5-də dünyasını dəyişmişdir.

Akademik Ağamusa Axundovun Azərbaycan dilçiliyi sahəsindəki xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir. O, 1969-cu ildə SSRİ Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuş, 1986-cı ildə Dövlət mükafatına layiq görülmüşdür. 1990-cı ildə alimə əməkdar elm xadimi fəxri adı verilmişdir. 2000-ci ildə isə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Ulu öndər bu yüksək mükafatı 2001-ci ildə şəxsən Ağamusa Axundova təqdim etmişdir. Görkəmli alim 2004-cü ildə Türk Dil Qurumunun Fəxri fərmanı ilə təltif olunmuş, 2006-cı ildə isə Ümumdünya Sülh və Ümumdünya Dinlərarası və Millətlərarası Sülh Federasiyaları tərəfindən Sülh səfiri adına layiq görülmüşdür.

Akademik 50-dən çox namizədlik və doktorluq dissertasiyasının elmi rəhbəri və elmi məsləhətçisi, 100-dən çox dissertasiya işinin opponenti olmuşdur. O, Türk Dil Qurumunun fəxri üzvü, Lütfi Zadə adına Müasir Elmlər Akademiyasının həqiqi üzvü, Dünya Türkoloqlar Assosiasiyasının Rəyasət Heyətinin, Almaniya Elmlər Akademiyasının “Fonetika, dilçilik: Kommunikativ tədqiqatlar” elmi-nəzəri jurnalının redaksiya heyətinin üzvü, Azərbaycan və Ərəb ölkələri Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, ABŞ-ın Nyu Orlean şəhərinin fəxri xarici vətəndaşı, Luiziana ştatının paytaxtı Baton Ruj şəhərinin bələdiyyə şurasının fəxri üzvü olmuşdur. ABŞ-ın “Friend fors” təşkilatının, Türk Dil Qurumunun fəxri fərmanları, 2004-cü ildə UNESCO-nun sertifikatı ilə təltif edilmişdir. 2006-cı ildə Ümumdünya Sülh və Ümumdünya Dinlərarası və Millətlərarası Sülh Federasiyaları tərəfindən Sülh səfiri adına layiq görülmüşdür.

Ağamusa Axundov keçmiş SSRİ məkanında ən nüfuzlu dilçi alim kimi tanınmış, onun əsərlərinə çoxsaylı istinadlar edilmişdir. Görkəmli türkoloq alimlərdən SSRİ EA-nın akademiki B.Serebrennikov, SSRİ EA-nın müxbir üzvləri E.Tenişev, O.Trubaçyov, professor S.İvanov, Tatarıstan EA-nın akademiki M.Zəkiyev, Qazaxıstan EA-nın akademiki A.Kaydarov və digərləri onun əməyinə yüksək qiymət vermişlər.

Akademik Ağamusa Axundov bacarıqlı elm təşkilatçısı, gözəl ziyalı və şəxsiyyət idi. Yüksək mədəniyyəti, nəcibliyi və xeyirxahlığı ilə seçilən bu insan rəhbərlik etdiyi kollektivin hər bir üzvünə böyük səmimiyyətlə, diqqət və qayğı ilə yanaşır, onlara əlindən gələn köməyi əsirgəmir, özünü sevdirə bilirdi. 

Azərbaycanın görkəmli elm xadimi, dilçilik elmimizin ən parlaq simalarından sayılan, ölkəmizdə filologiyanın, xüsusilə də türkologiyanın inkişafında böyük xidmətləri olan, Azərbaycan elminə dünya şöhrəti qazandıran akademik Ağamusa Axundovun işıqlı xatirəsi onu tanıyanların, həmkarlarının və tələbələrinin qəlbində daim yaşayacaq.

Möhsün Nağısoylu, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

"Azərbaycan" qəzeti, 2 fevral 2017-ci il